Məşhur aktyor Elməddin Cəfərov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Azad Azərbaycan Televiziyasında yenidən aparıcılıq edəcəksiniz. Verilişiniz nə zaman başlayır?
- Bəli, yeni verilişimiz gələn şənbə yayımlanacaq.
- Verilişin formatı necə olacaq?
- ATV-də 2008-ci ildə aparıcılıq etdiyim "Arı şou"nun formatına yaxındır. Bir az yeniliklər əlavə etmişik. Verilişin adı "Qısa qapanma"dır. Verilişimizdə iştirak edən qonaqlar qısa qapanma yaşayacaqlar. Şok keçirsinlər(gülür). İnşallah layihəmiz maraqlı olacaq.
- Neçə veriliş çəkilib? İlk qonaqlarınız kimlərdir?
- Hələ ki, ilk verilişi çəkmişik. Qonağımız Namiq Qaraçuxurlu oldu. Ümumiyyətlə, verilişimizdə bir müğənni və iki sənət sahibi olacaq.
- Verilişdə tərəf müqabiliniz olacaq?
- Verilişə tək aparıcılıq edəcəm, amma musiqi tərtibatçımız, iki muxbirimiz var.
- "Arı şou"dan sonra müəyyən fasilə etdiz. Yenidən aparıcı kimi fəaliyyət göstərməyə necə qərar verdiniz?
- Düzü, tam qərar verməmişdim, onda ayıldım ki, verilişin dekorasiyası düzəlir. Necə oldu, razılaşdım xatırlamıram.
- Son zamanlar televiziyalarımızda sosial xarakterli verilişlər daha çox yayılıb. Əyləncəli verilişlə yüksək reytinqə iddialısınızmı?
- Çox reytinq məsələsinə getməyəcik. Allah nəsib etsə, bacardığımızı edəcəyik. Düşünürəm ki, tamaşaçıları cəlb edə biləcəyik.
- Özünüzə rəqib tanıyırsınız?
- Özümə deyil, mən hamıya rəqib olmağa çalışıram. Belə deyim daha sadə olsun.