20 Oktyabr 2021 14:05
3 430
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Yaqut Abdullayeva Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

- Yaqut xanım, Zəfər Bayramımız yaxınlaşır. Təəssüratlarınızı eşitmək istərdik...

- Bundan böyük xoşbəxtlik ola bilər?! Cənab prezident İlham Əliyevin, ordumuzun, millətimizin birləşməsi sayəsində 30 ildə çəkdiyimiz əziyyətə son qoyuldu. Bir daha məlum oldu ki, millətimiz birdir, heç kim bizi bir-birimizdən ayıra bilməz. Cənab prezidentin, qazilərimizin, şəhid ailələrimizin ətrafında birləşdik. Bundan böyük bayram ola bilərmi?!

- Prezident İlham Əliyevin Cəbrayılda ictimaiyyət nümayəndələri ilə görüşü zamanı siz də iştirak etdiniz. Prezidentin "Dəmir yumruğu"ndan öpmək istədiyinizi bildirdiniz. Bu haqda danışmağınızı istərdik.

- Bu mənim böyük arzum idi. Prezidentin "Dəmir yumruğu"ndan öpüb, gözümün üstünə qoymaq böyük şərəfdir və bu arzumla fəxr edirəm. "Dəmir yumruq" mənim üçün müqəddəsdir. Torpaqlarımız azad edildi.

Cənab prezidentimiz bizi çox gözəl qarşıladı, sadə və səmimi insandır. Bizə o qədər gözəl münasibət göstərdi ki, ürək sözlərimizin hamısını deyə bildik.

Mən sözümü deyəndə cənab prezidentimiz mənə qollarını necə açdısa, o anda bilirsiniz ki, nə düşündüm? Sanki oğul müharibədə qələbə qazanıb, ana onu qucaqlayır. Ana da sevincindən balasını bağrına basır. Bundan gözəl nə ola bilər?!

- Cəbrayıl ötən il oktyabrın 4-də azad edildi. İlk dəfə doğma rayonunza gedərkən hansı hissləri keçirdiniz?

- Hissləri dillə ifadə etmək çətindir. Bütün yol boyu yalvarırdım ki, Allahım, mənə səbr ver! Allah səsimi eşitdi, sakitləşdim. Rayonumuzun mərkəzinə yollandım, amma bizim şəhərdən əsər-əlamət qalmamışdı. Rayonumuzun mərkəzində 800 yaşlı böyük çinar ağacı vardı. O çinar ağacını tapa bilmıdim. Torpağı öpüb, gözümün üstünə qoydum, qoxusunu nəfəsimə çəkdim. Ruhum sakitləşdi. O havanı alanda...(Kövrəlir).

Əsas odur ki, şəhərimiz əvvəlikindən də gözəl bərpa olunacaq. Başımız aşağı idi. Şərəfsiz düşmən torpağımızı zəbt etmişdi. İşğaldan azad edilən ilk şəhər Cəbrayıl oldu. Həmin günü bir jurnalist kanalların birində reportaj verirdi və həmin gecə yağış yağırdı. Bu, Cəbrayılın sevinc göz yaşları idi. Mənim üçün vətəndən, torpaqdan əziz heç nə yoxdur.

- Azərbaycan Televiziyasının "Qızıl fondu"nda bir neçə solo-konsertinizin, radionun fondunda isə xeyli xalq mahnısının, təsnif və muğamın lent yazıları var. Amma 80-ci illərdən sonra sənətdən və televiziyadan uzaqlaşdınız. Buna səbəb nə idi?

- Çox itkilər verdim, həyat belə gətirdi... Axır vaxtlara gələndə, cavan bacım oğlu dörd ildir koma vəziyyətindədir. Boğazı ağrıyırdı, xəstəxanaya getdi. Üç övlada atasıdır, 40 yaşı var. Həkimlər deyiblər ki, MRT etməliyik. Ondan sonra komaya düşdü. Dörd ildir yataqdadır, bir ay xəstəxanada qaldı.

Hazırda evə tibb bacısı gəlir, həyat yoldaşı baxır. Ona görə efirə çıxmadım. Sonra düşündüm ki, torpağım alınıb, yurduma mən də getməliyəm. Allahın işidir...

- Mədəniyyət və İncəsənət Universitetinin vokal kafedrasında çalışırsınız.

- Bəli, 1978-ci ildən təyinatla Mədəniyyət və İncəsənət Universitetində fəaliyyət göstərirəm. Yenə sənətimə qayıdacam. Televiziyalara da dəvət edirlər.

- Mətbuatda haqqınızda məlumat çox azdır. Ailə qurmusunuzmu? Övladınız varmı?

- Bir qızım var, amma ailə məsələmi heç vaxt gündəmə çıxarmamışam və çıxarmaq fikrim də yoxdur.

- Düşündük ki, sənətdən uzaqlaşmağınıza səbəb şəxsi həyatınız ola bilər...

- Əsla. Dərsə gedirdim, yorulurdum. Sənətdən tam uzaqlaşmamışdım. Bacım oğluna görə son dörd ildə efirə çıxımırdım. Əvvəllər konsertlərə gedirdim. Belə gətirdi... Allaha qurban olum. Amma şəxsi həyatımda heç kim sənətimə mane olmayıb.

Müəllimə kimi fəaliyyət göstərmək çətindir, səhər gedib, axşam evə gəlirsən. Adam yorulur. Fəaliyyət göstərməyə çalışacam, amma xalqımın yadından çıxmamışam. Yenidən efirə qayıtmaq fikrindəyəm.

- Tələbələrə muğam və xalq mahnıları fənnindən dərs deyirsiniz. Musiqimizi necə dəyərləndirirsiniz?

- Çox yaxşı gənclərimiz var. Muğam bütün dünyada tanınır.


Müəllif: Rəqsanə Həsənova