Xalq artisti Gülyaz Məmmədova MTV Azərbaycan kanalında "Üzə-düz” verilişində qonaq olub.
Teleqraf.com xəbər verir ki, o, sənətdəki çətinliklərindən danışıb: “Sənət yolunda çox qısqanclıqlar, yolumu kəsənlər gördüm. Hər işdə bir xeyir var. Küsülü qalmağı sevmirəm, bağışlamadığım insanlar da var. Mən etdiyim yaxşılıqları unuduram, amma mənə kimsə pislik etsin, məndən aslı deyil, unutmuram.
İnsanların bir-birini qısqanmalarını, paxıllıqlarını xoşlamıram. Heç kim heç kimdən artıq deyil. Əvvəllər sənət insanlarına ulduz kimi baxırdılar, indi adiləşiblər. Adiləşdirən də sənət adamlarının özləridir, özləri-özlərini gözdən salırlar".
Gülyaz Məmmədova həyat yoldaşından boşanmasından danışıb: “Heç bir qadın boşanmaq istəməzdi. Sadəcə keçmiş həyat yoldaşım başqa ölkədə yaşayırdı. Xarakterimiz uyğun olub da, olmayıb da. Elə şeylər var, mən onu danışmaq istəmirəm. Bizim onunla əlaqəmiz var, bir kənddənik, qohumuq, bir sinifdə oxumuşuq. Oğlumun atasıdır. Mən ona xoşbəxtlik arzulayıram.
O, xoşbəxt olsa, sevinərəm ki, ailəsi, övladları var. Kiminsə qəminə sevinmirəm. Düzdür, insanlar daha çox başqasının həyatını müzakirə edirlər, amma etsinlər. İnsan sevəndə peşman olmur, əksinə, o insanın hər xasiyyətini qəbul edir. Kənar fikirlər də təsir etmir.
Mən ikinci dəfə ailə qurmadım. Heç kimə görə yox... Bu, Allahın işidir. Allah bir anda insanın taleyini elə dəyişər ki... Ailə qurmuram dediyin anda, evlənərsən. Allahın mənə yazısı nə olubsa, o da olacaq. Heç vaxt “heç vaxt” demirəm!"
Qeyd edək ki, Gülyaz Məmmədovanın bir oğlu var.