11 Yanvar 2022 17:59
2 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur aparıcı Zümrüd Bədəlova Teleqraf.com-un "Onun inboksu" layihəsində qonaq olub.

Müğənninin suallara cavabını təqdim edirik.

- İnstaqramdan nə üçün istifadə edirsiniz?

- İnstaqramdan aktiv olmaq üçün istifadə edirəm. Daha doğrusu, işimi aktiv saxlamaq üçün...

- Nə qədər izləyiciniz var?

- Səhv etmirəmsə, 462 min izləyici...

- Saxta sosial şəbəkə izləyiciniz varmı?

- Qətiyyən, yoxdur.

- İnstaqram səhifənizi özünüz idarə edirsiniz?

- Bəli, özüm idarə edirəm.

- Sizə ünvanlanan bütün mesajları oxuyursunuz?

- Oxuyuram.

- Cavablandırırsınız?

- Xeyr, niyə tanımadığım insanların mesajlarını cavablandırım?! Hərdən əsəbləşəndə mesajlara cavab yazıram, haqsız nəsə yazılanda...

- İnstaqramda evlənmə təklifi etsələr, qəbul edərsiniz?

- Bilsəniz, nə qədər evlənmə təklifləri gəlir... (Gülür).

- Müğənni Sevda Yahyayeva İnstaqramda tanış olduğu bəylə ailə qurdu...

- Bəli, Sevda Yahyayevanın bəxti gətirib...

- Bəylərin daha çox evlənmə təklifi etdiyini açıqladınız. Sizə başqa hansı mövzuda mesaj ünvanlayırlar?

- Daha çox reklamlarla bağlıdır. Ən çox reklamı isə kosmetoloq və cərrahlardan gəlir. Sanki mən o qədər kosmetoloji prosedur etmişəm ki, mənimlə reklamlarını qurmaq istəyirlər. İnstaqramda reklam, evlilik və tanış olmaq təklifləri çox gəlir. Onları oxumadan silirəm. Çünki o təkliflərdən qorxuram.

- Toy mərasiminizə hazırlaşaq?

- Xeyr.

- Səbəb?

- Sosial şəbəkədə tanışlığı qəbul etmirəm. Başqa kiminlə tanış olum?! (Gülür). Toy yoxdur, gözləməyin. Bu sualları yığışdıraq... Toy olanda biləcəksiniz.

- İnstaqramdan reklamlardan pul qazanırsınız?

- Bəli.

- Nə qədər?

- Reklama görə məbləğ dəyişir. Hekayə və səhifənin qiymətləri ayrıdır. Amma onu deyim ki, işə təzə başlayan tənha qadınların reklamlarını pulsuz edirəm ki, onlara uğur gətirsin.

- Qadın həmrəyliyi nümayiş etdirirsiniz?

- Xeyr. Sadəcə tənha qadınları daha yaxşı anlayıram. Düşünürəm ki, mənim də onlara bir xeyrim dəysin.

- Aylıq gəlirinizi açıqlaya bilərsiniz?

- İşə görə qazancımız dəyişir. Stabil qazancım yoxdur. Stabil maaşımız var. Maaşdan əlavə başqa işlərimiz də olur.

- Özünüzü varlı, kasıb, yoxsa orta aparıcı hesab edirsiniz?

- Məncə, orta...Çox şükür, Allaha kasıb deyiləm. Təəssüf ki, varlı aparıcı da sayılmıram.

- İdarə etdiyiniz avtomobilinizin markasını deyə bilərsinizmi?

- Avtomobilim "Mercedes"dir, amma kreditlə almışam.

- Yaxın günlərdə avtomobil qəzası törətdiyiniz maşındır? Yoxsa yenisini almısınız?

- Bəli, həminkidir. Bankın maşınıdır, necə dəyişim?!

- Qəzadan sonra avtomobil idarə edərkən ehtiyatlı davranırsınız?

- Mən həmişə ehtiyatlıyam. Sadəcə maşın sanki pis qüvvələri özünə çəkir. Keçən gün də küləkli havada darvaza avtomobilin üzərinə aşmışdı. Mən nə qədər ehtiyatlı oluramsa-olum, xəta gələndə demir.

- Sonuncu dəfə kiminlə mesajlaşmısınız və mesajınızı göstərə bilərsiniz?

- Çox adamla mesajlaşmışam. Sonuncu dəfə Tarix Əliyev, Roza Zərgərli, İlahə İbadova, Nahidə Babaşlı, İlkin Əhmədovla yazışmışam. Ən sonuncu isə müğənni Ayan Babakişiyeva ilə mesajlaşmışam. Ayanla mən bir-birimizə ancaq sevgi elan edirik. Tədbirdə iştirak etmişdik, mənə yazıb ki, xahiş edirəm, o hissəni çıxararsan.

Efirə getməmişdən əvvəl geyimi ilə bağlı problem yaşanmışdı. Mən də yazdım ki, onsuz da sən deməmiş çıxarmışam. Yazıb ki, təşəkkür edirəm, səni sevirəm. Mən də yazmışam ki, mən də səni sevirəm.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər