14 Yanvar 18:18
309

Prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkədə canlı yayımda MAXE-ləri təhqir etməsi ilə bağlı yayılan videoya münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Tarix Əliyev İnstaqram hesabında bu sözləri qeyd edib:

"Əslində, bu haqda açıqlama vermək istəmirdim, amma görürəm ki, videonu görənlər bildi-bilmədi fikir bildirirlər. Nəinki mənim, heç bir vətandaşın zəfərlə nəticələnən 44 günlük müharibəmizdən sonra əsgər, zabit və MAXE-mizə qarşı pis fikir bildirməyə haqqı çatmır. Tiktok sosial şəbəkəsində öz hərbçi dostuna məni, ailəmi və rəhmətlik atamı söydürən MAXE Rəhmanla canlı yayımda söhbətim də olub. Dəfələrlə ona verdiyim suala cavab da tapa bilmədim, hər dəfə məni niyə söydüyünü soruşdum, amma yenə susdu.

Yayılmış videoya diqqətlə baxsanız görünür ki, ona MAXE deyə müraciət edirəm və fikirlərimi əsəbi olsam da yalnız ona bildirmişəm. İndi isə sizə sualım var, hansısa MAXE-nin və ya başqa peşə sahibinin sizin ailə üzvlərinə və ya rəhmətliklərinizə söyməyə haqqı var?!"

Tolik deyib ki, müharibədən sonra da şou-biznesdə yeganə insandır ki, qazilərlə sosial şəbəkədə canlı yayımlar edib: "Mən bu ölkənin şəhidinə, yaxşı əsgərinə, yaxşı zabitinə də qurban olum. Amma hansısa hərbi sahədə olan bir insan dünyadan köçmüş atamı nəyəsə görə təhqir etməməlidir. Mənim dilim kəsilər Azərbaycan əsgərinə, zabitinə, hərbi qulluqçusuna ümumi olaraq nəsə söz deyim. Ona görə də şərəfli, namuslu, torpaqlarımızı gecə-gündüz qoruyan zabit, əsgərlərimiz, MAXE-lərimizə canım qurban olsun, amma tərbiyəsizlərə yox".

Qeyd edək ki, TikTok sosial şəbəkəsində izləyiciləri ilə söhbət zamanı MAXE-lərlə bağlı nalayiq fikirlər səsləndirən Tolik deyib: "MAXE kimdir ki, məni qorusun? MAXE dövlətin kəbinli arvadıdır. Aybaay maaş alır. Məni qoruyan mənim əsgərimdir. MAXE yataqxanada yatanda, mənim əsgərim postda dayanır".


Müəllif: Rəqsanə Həsənova