19 Yanvar 2022 14:19
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur aparıcı Afaq Gəncəli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Afaq xanım, Xəzər televiziyasında "Şourum" adlı verilişinizlə ikinci layihənin aparıcısı olacaqsınız. Veriliş haqqında məlumat verə bilərsinizmi?

- Veriliş şou-xarakterli olacaq. Hələ ki, veriliş haqqında ətraflı məlumat verilməyə icazə yoxdur.

- Hər iki verilişin aparıcısı olmaq çətin deyilmi?

- Xeyr. Səhər saatlarında "Səhər Mərkəzi" verilişində oluram. Ondan sonra isə vaxtım qalır, hətta üç-dörd veriliş belə apara bilərəm. Ona görə də heç bir çətinlik olmayacaq. Əsas odur ki, insanın işinə-peşəsinə istəyi, sevgisi olsun, qalan hər şey boşdur.

- Sahənizdə illərdir ki, sizə rəqib gəlmir. Sanki adınızı brend olaraq bu sahədə formalaşdırmısınız. Bunun səbəbi nədir?

- Düzünü deyim ki, özüm haqqında bunu deyə bilmərəm, ayıb olar. Hər zaman deyirəm və deyəcəm ki, sözümün bitdiyi yer mənim peşəmdir və nə olur-olsun işim yaxşı olsun və onu düzgün tərəfdən tanıtdırım. Təbii ki, biri xəbər aparıcısı, biri fərqli verilişlər apara bilər. Amma hər kəs öz işində peşəkar olsa, o, uğur qazanacaq. İnsan populyarlığı yox, işinin keyfiyyətini düşünməlidir.

Sən işini yox, işin səni tanıtmalıdır. Bir müddət işimi təkmilləşdirmək, möhkəmlətmək üçün çox əziyyətlər çəkmişəm, gecə-gündüzüm olmadı. Hətta müxbirlik etməklə yanaşı montaj da edirdim. Peşəmin həm süpürgəçisi, həm də xanımı olmuşam. Bu peşə mənim üçün doğma və əzizdir. Aparıcılıq mənim üçün populyarlıq demək deyil. Aparıcılıq peşəmdir, işimdir, aparıcılığı sevirəm.

- Qeyd edirlər ki, bir çox aparıcıların intellektual səviyyəsi aşağıdır, savadsızdırlar və mütaliə etmirlər. Bu kimi iradlarla nə dərəcədə razısınız?

- Kitab oxumağın yalnız aparıcılara aiddiyatı yoxdur. Bu, hər bir sahənin peşəkar işçisi ilə yanaşı sıravi insanlara da aiddir. Onu da deyim ki, əgər evdən səhər saat 5-də çıxıb, gecə saat 12-də gəlirəmsə, gecə-gündüzüm televiziyada keçirsə, televiziyanın tozu ilə qidalanıb, havasını uduramsa, kitab oxumağa vaxt tapmaq bir az çətin olur. Amma vaxt tapdıqca təbii ki, mütləq kitab oxuyuram. Mən şou-xarakterli verilişin aparıcısıyam, amma bu o demək deyil ki, mütaliə etməməliyəm. Bacardığımız qədər kitab oxumağa çalışıram. Yalan deyə bilmərəm ki, gecə-gündüz kitab oxuyuram. Çünki işlərim də çoxdur, yeni layihələrim var. Bu işləri də görmək lazımdır. Mən yalnız öz işlərim üzərimdə çalışmıram.

Yeni işçilər gəlir, onları öyrədirik. Bu işdə addımlayan insanları da öyrətmək lazımdır. İndi fikirləşin ki, bu qədər işi olan insan vaxt tapıb kitab oxusun?! Hazırda işlərim daha gərgindir, 2021-ci ildə bir layihə həyata keçirirdimsə, 2022-ci ildə bəlkə də iki-üç layihə edəcəm. Ona görə vaxt yoxdur. Kim istəməz ki, evdə rahat uzansın və dincələ-dincələ əlinə kitab alıb, oxusun.

- İşdən yorulan zaman nə edirsiniz?

- Mənim istirahət etməyə, restoranlara getməyə vaxtım yoxdur. Boş vaxtım olan kimi anamla keçirməyə çalışıram. Amma restoranlara, konsertlərə gedim, xeyr. Yalnız işimlə bağlı gedə bilərəm.

- "Səhər Mərkəzi" verilişi səhər saatlarında canlı yayımlanır. Nə kimi çətinliklərlə qarşılaşırsınız?

- İlk zamanlar çətin oldu, çünki Tural Əsədovla fərqli səpkidə aparıcılıq etmişik. Təbii ki, həmkarın ilə ortaq məxrəcə gəlmək lazım idi, fikrimiz eyni olmalı, bir-birimizi anlamalı idik. Bütün bunlar zaman tələb elədi. Amma nə gözəl ki, həmkarım Tural Əsədov oldu. Onun insanlığından yer və göy qədər razıyam. Əstəğfürullah aparıcılığı haqqında bir söz deyə bilmərəm, Tural Əsədov o qədər tərbiyəli insandır ki... O, mənə icazə vermədi ki, özümü qonaq, yeni gəlmiş bir aparıcı kimi hiss edim. Təbii ki, komandadan da çox şey asıldır.

Eləcə də televiziyanın rəhbəri Murad Dadaşov mənə doğmadır. Doğmalıq da verilişdə hiss olunur. Çünki çox rahatam, yerim də, həmkarım da çox rahatdır. Həmkarımla bir-birimizi başa düşürük.

- Məşhurlar səhər gec saatlarda oyanırlar. Verilişdə bununla bağlı nə kimi problemlər yaşayırsınız? Yaxın günlərdə müğənni Damla verilişinizə gecikdi...

- Verilişimizə müğənnilər çox gecikmirlər. Amma gecikəndə də o qədər mövzular var ki. Çünki vaxtı onlara sərf edirik, qonağın yaradıcılığına yer ayırırıq. Belə ki, onların özlərinə aid edirik. Damlanın gecikməsinə gəlincə, bu haqda çox danışıldı. Amma bu haqda heç yerdə fikrimi bildirmədim. Gecikmə isə tıxaca görə olur. Ona görə də boşluğu gündəm mövzularına və özlərinə həsr edirik.

- Son olaraq nə demək istərdiniz?

- Verilişimiz başlayadan sonra məlumat verə bilərik. Hələ ki, mən susuram və susmaq haqqımdan istifadə edirəm. Qoyun, onlar danışsınlar. Rusların gözəl sözü var, hər şeyi zamanında etmək daha gözəldir. Vaxtında sussan, vaxtında da qazanarsan. Ona görə də susuram.


Müəllif: Rəqsanə Həsənova