26 Yanvar 14:23
527

Aparıcı Rövşanə Ağasəfqızı MTV Azərbaycan kanalında yayımlanan "Üzə-düz” verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, aparıcı anasından danışıb: “Anamın ən ağır dönəmində tanrı ilə danışdım və Allahdan anamın şəfa tapmasını dilədim. Ola bilər ki, həmin an bir az Allaha üsyan etdim. Bu, bəndəyə xas bir şeydir. Ən ağır anımda çox ananın telefonuma xəstə övladının şəklini atdığını gördüm ki, lütfən, kömək edin. Onda əlimi tanrıya açdım ki, ilahi, özün bilən məsləhətdir, şükür məsləhətinə, heç nə demirəm.

Mən burda acizəm, gücsüzəm. Övlad olaraq çabalayıram, onsuz da mübarizə aparacam, amma son nöqtədə sənin qərarındır. Verilişdə olanda reklam arası üsyan edirdim, həkimlərlə danışırdım. Reklamın bitməsinə bir saniyə qalıb, mən düzəlməliydim, tamaşaçıya ağrı yükləmək kimi bir ixtiyarım yox idi. O ağrı-acı ilə iki il efir aparmışam. Hətta efiri yarımçıq qoyub, qaçmaq istədiyim məqamlar da olub.

Atamı itirəndə böyük bir qüvvəm getdi. Atamın başıma sığal çəkməyi var idi. Atam mənim üçün çox güclü idi. O, rəhmətə gedəndə 35 yaşım var idi. Onunla çox gözəl söhbətlərimiz olurdu. O söhbətləri, əlinin istiliyini sonradan yaşadığım həyatda ayaqlarıma dayaq verib, dimdik dayandığım dönəmlərdə də heç nə, heç kim əvəz edə bilmədi. Əminəm ki, bundan sonra da edə bilməz”.

Aparıcı şəxsi həyatından da danışıb: “Artıq böyük qızım var. Sevgi vacib bir amildir, amma bir yaşdan sonra digər yarını tapmaq çətinləşir. Yeri gəldi vurulum, aşiq olum, ay mənə vatsapda nəsə göndərsin ki, necə gözəlsiniz, gözəl gözləriniz var, yox. Qəlbimi fəth etmək çox çətindir. Zamanında qəlbim fəth olundu... Böyük qızım var, bir azdan ona elçi gələcəklər. Bu, həyatdır, heç vaxt "yox" deyə bilmərəm.

Bəzən Allah elə bir anda qarşına sevgini çıxara bilər ki, təslim olarsan. Nə qədər davam edəcək, o ayrı məsələdir. Ölüm və doğum tarixi arasında bir xətt var. O xətti sən necə yaşayırsan, hansı tərzdə yaşayırsan, bu sənə aiddir. Bacar yaxşı yaşa, bacar xoşbəxt ol.

Hər şeyi tanrının boynuna yükləmə, kimsəyə görə həyatını qurban vermə. Mən xəyanətlə yaşaya bilmərəm. Başqa bir qadının yanından mənim yanıma gələcəksə, ya mən qisas alacam mütləq, ya üz çevirib gedəcəm, ya da orda da kitabı bağlayacağıq. Xəyanətə qatlaşıb, yaşayan qadınlar iqtisadi baxımdan ərlərindən aslıdırlar, uşaq naminə dözürlər.

Təsəvvür edin o qadın nə qədər əzab çəkir, özünü fəda edir. Əslində, o qadına heykəl qoyulmalıdır. Yəni, özünə hörmət edən qadın əziyyət çəkəcək. Ya da kişi xəyanətini bildirməməlidir. Hansı kişi gəlib deyər ki, xəyanət etmişəm, bu, çox gülməli olar.

Bir məsələ də var. Mən deyə bilmərəm ki, xəyanət etməyən kişi yoxdur. Ömür boyu bir qadınla yaşayan, həyat yoldaşlarını sevən kişilər də var. Mən özüm isə heç nəyi unutmuram, nə yaxşılığı, nə pisliyi. Xəyanəti də unutmuram. Beynimin bir küncündə ilişib, qalır. Oyatmıram, etsəm, xoşagəlməz varlığa çevrilə bilərəm”.

Aparıcı qadınların çox uşaq dünyaya gətirməsinə qarşı çıxıb: “Qadının nikahı, evi yoxdur, amma beş uşaq dünyaya gətirib. Televiziyanın qarşısına gəlib deyir ki, mənə kömək edin. Axı, o uşaqları yedirtmək, oxutmaq var. Uzaq başı sığınacaq üçün harasa müraciət edə bilərəm. Ailə quran zaman nikahsız bu addımı atmayın. Nikah sabah boşanmada alimentdir, ev bölgüsüdür. Uşağa məktəbdə lazım olur. Mental dəyərlər üçün lazımdır.

Düzdür, indi vətəndaş nikahı ilə yaşayanlar da var, bu normaldır. Amma nikahsız uçaq üçün televiziyaya gəlib nə qədər kömək istəyənlər var. Ola bilər ki, bir imkanlı şəxs çıxıb sənə 3-5 min kömək edəcək, uşağını müalicə edəcək və sair. Bununla iş bitmir. Bir çox verilişlər var ki, bunun üzərindən reytinq yığmaq üçün şoulaşdırırlar, bayağılaşdırırlar. İnsanlar da bunu anlamırlar, deyirlər, gedib filan verilişə çıxım, həll olunacaq!”


Müəllif: Rəqsanə Həsənova