Müğənni Afət Fərmanqızının yenicə ailə qurduğu Mamed Nanacanov Xəzər Rayon Polis İdarəsində saxlanılıb.
Teleqraf.com xəbər verir ki, ifaçı bu haqda İnstaqramda məlumat verib.
"Xəzər Rayon Polis İdarəsi səhər saatlarında həyat yoldaşım Mamed Nanacanovu saxlayıb. O, Rusiya vətəndaşıdır. Səbəb kimi göstərilir ki, Vaqif İsayev adlı şəxsi təhqir edib. Həmin şəxsin isə həyat yoldaşıma 200 min dollar borcu var. Üçüncü mikrorayonda özünü bina sahibi kimi təqdim edir. Həyat yoldaşıma borcludur, 7 ildir hər gün deyir ki, pulu qaytaracaq, amma qaytarmır. Həyat yoldaşım da belə olan halda əsəblərinə hakim olmayıb, onu təhqir edib.
Əgər təhqirə görə adam həbs olunursa, o zaman biz müğənniləri gündə onlarla, yüzlərlə təhqir edən var. Bəs, niyə onlar həbs olunmur?! Mən dəfələrlə Xəzər Rayon Polis İdarəsinə şikayət etmişəm. Məni təhqir edəni şikayət etmişəm, tapıb gətirilib, bölmədə başa salınıb, deyilib etika qorunmalıdır, olmaz və sərbəst buraxılıb. Nə həbs edilib, nə də saxlanılıb. Belə olan halda Mamed Nanacanovla həmin insanların fərqi nədir? Vaqif İsayevin məndə səsyazısı da var. Deyir ki, həyat yoldaşını öz canımın qorxusundan mən həbs etdirdim".
Qeyd edək ki, Afət Fərmanqızı yaxın günlərdə Mamed Nanacanovla ikinci dəfə evlənib.