Müğənni Xatirə İslam televiziyalar haqqında növbəti tənqidi fikirlər səsləndirib.
Teleqraf.com xəbər verir ki, buna səbəb aparıcı Kazım Sübhanın müğənnilər Xatirə İslamın, Natavan Həbibinin və reper Elşad Xosesinin qonorar müqabilində verilişlərə qatılmaq istədiyini deməsi olub.
Müğənni İnstaqram hesabında bu sözləri açıqlayıb: "Ay Kazım, yenə aləmi qatmısan. Bu nə sözlərdir, danışırsan?! Deyirsən, vaxtında televiziya ilə tanınan sənətçilər bu gün efirə havayı gəlməlidir. Sən də televiziya vasitəsilə tanınmısan, özü də pul xərcləmədən. Sənin çəkini dəqiq bilmirəm, amma elə bilirəm hardasa 55 kilodan ağır olmazsan. Mən sənin çəkin ağırlığında televiziyalara pul vermişəm ki, bu gün efirə gedəndə qonrorar alım.
Vaxt olub, anamın üzüyünü satıb, bir verilişə vermişəm. Xalqı aldatmayın! Kim səhnəyə təzə çıxırsa, o yolu keçməli və o məbləği xərcləməlidir. Televiziya adamı kiminsə qara qaşına, qara gözünə tanıtmır. Mənim dədəmə borcu var?! İstedadım olmasaydı, məni tanıtmazdılar. Ağlınız indiyə getməsin, biz çıxmırıq, kimi gəldi efirə çıxardırsınız. O vaxt başqa cür idi, sanball məsələləri...
Qaldı ki, bu işin rəsmi olmasına, belli bir söz var, "el bir olsa, dağ oynadar yerindən". Rəsmi də olacaq. Bunu sənə mən deyirəm, bir neçə nəfər də addım atsın, bax, gör rəsmi olur, ya yox.
Şəxsən mən bir neçə nəfərə söz vermişdim ki, kefim yaxşı olanda efirə gələcəm. Bu mənim işimdir, kimdən qonorar istəyərəm-istəmərəm. Amma bunun yolu budur və olacaq. Sənin gözünün qabağında televiziyalara nə pullar xərclənib. Bunu bilə-bilə deyirsiniz ki, qarşılıqlı reytinq qazanmısınız. Vaxtında müğənni pul ödəyib, efirə çıxırdı. Televiziya həmin sənətçiyə ağzına gələni deyib, ağladıb reytinq qazanırdı.
İndi isə pul ödəyən adama güldən ağır söz demək olar? Bizim vaxtımızda həm pul verirdik, həm də anamızın təzyiqi verilişdən sonra qalxırdı. Nə qədər ki, müğənnilərdə birlik olmayacaq, belə olacaq. Aslan həmişə aslandır!"