Xalq artisti Tünzalə Ağayeva Xəzər televiziyasında yayımlanan "Şourum" verilişində etirafları ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, o, "Səs Azərbaycan" verilişində Brilliant Dadaşova ilə münasibətində yaşanan gərginliyə münasibət bildirib:
"Səs Azərbaycan" layihəsinin formatı budur. Münsif heyəti arasında münasibət daha çox müzakirə edilir. Türkiyədə bizdən daha betərdir, ustadalar qırğın edirlər. Biz yəqin ki, mentalitet, cəmiyyət olaraq bunu bacarmırıq. Yəni daha çox şouya oynamalısan, qırğın olmamalıdır.
Detallara varmayacam. Yanımda oturan həmkarlarımın hamısı dəyərli idi. Orada xırda-para nə baş verirsə, onları danışmayacam. Bu mənim xasiyyətim deyil, onu istəmirəm. Bilirsiz ki, mən söz atan deyiləm. Mənim ünvanıma söz atarlarsa, onun cavabını verə biləcək insanam, diplomatik, yaxud qeyri-diplomatik tərzdə. Bəzi məqamlarda susmuşam, laqeydlik daha güclü vurur...
Adam gözləyir ki, ona cavab verim, mən də ona o şərəfi yaşatmaq istəmirəm. Biz ustadıq, bizim aramızda müzakirə ola, nəsə xoşumuza gəlməyə bilər. Məsələn, deyirəm ki, filankəs yaxşıdır, bu Brilliant Dadaşovanın, Eldar Qasımovun xoşuna gəlməyə bilər.
Özüm haqqında onu deyə bilərəm ki, mən heç kimin fikrinə qarışmıram. Mən Brilliant Dadaşovaya, Eldar Qasımova, Murad Arifə deməyəcəm ki, sən niyə filankəsi təriflədin? Çünki bu mənim xasiyyətim deyil. Amma başqa ustad soruşacaq ki, niyə filankəsə yaxşı dedin? Mən də cavab verəcəm ki, çünki o mənim xoşuma gəldi... Brilliant xanımın özü də açıqlama vermişdi ki, mənimlə heç bir problemi yoxdur. O mövqeyini bildirib, hər şey ortadadır".
Xalq artisti deyib ki, insanlar ağalayan müğənilləri daha çox sevirlər: "Niyə ağlayan sənət adamı bir zəif nöqtəsini göstərir, hamı onu çox sevir? Amma sən çıxıb deyirsən ki, mən güclü qadın olmaq istəyirəm, zəif nöqlələrimi göstərmək istəmirəm... Niyə övladım məndən bu örnəyi götürməlidir ki, anam kameranın qarşısına çıxdı, ağladı, şikayət etdi? Bəli, ədalətsizliklə, haqsızlıqla, vicdansızlıqla bəzən şərəfsizliklə üz-üzə gəlirsən.
Zəif olmağı özümə ayıb bilirəm. Mən çox qürurluyam və qızıma da onu deyirəm ki, içərində közün göynəyəcəksə, onu üzdə göstərməyəcəksən".
Qeyd edək ki, İTV-də yayımlanan "Səs Azərbaycan" televiziyasında Brilliant Dadaşova ilə Tünzalə Ağayeva arasında iştirakçılara görə gərginlik yaşanmışdı.