"Həyat yoldaşımla çox gözəl dostuq. Bizim ailə həyatımız dostluqdan başlayıb. Ona görə də biz bir-birimizə güzəştə gedirik. O, məni çox anlayır. Çox anlayışlı insandır. Əlbəttə ki, ailədə daha çox kişinin sözü üstün olmalıdır. Çünki kişinin hakimiyyətini də tapdalamaq olmaz. Artıq o ailədən ailə olmaz".
Teleqraf.com xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı "MTV xəbər"ə deyib.
O, ailədə yaranan boşluqdan da danışıb:
"Qadında da günah çox olur. Qadın bəzən o qədər acıdil, təkəbbürlü olur, bəzən özü öz əlləri ilə yoldaşını itələyir. Biri də var ki, kişinin qanı xarabdır. Qadın nə etsə də, gözəl də olsa, kişi evdən çıxdısa, sənin deyil. Qadınlar ailə quranda bilməlidir ki, kiminlə ailə qurur. Qısqancdırsa, ömrünün sonuna kimi eyni qalacaq. Elə şeylər var ki, dəyişmir. Mənim həyat yoldaşımda qısqanclıq yoxdur və büruzə də vermir. Arada deyirəm ki, bu, məni niyə qısqanmır? Çünki arxayındır. Mən çox qısqancam, görürəm ki, özümə ziyan verirəm. Deyir, kişinin qısqanmağı halal, qadında isə haramdır. Qadın qısqansa təkəbbür, kişidə isə qeyrətdən irəli gəlir".
İfaçı uşaqlarından da danışıb: "Allah mənə dörd övlad verib. Düşünürəm ki, artıq karyeramda da irəliləmək lazımdır".