1 Aprel 2022 16:15
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Elza Seyidcahan Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Qırğızıstan Bəstəkarlar İttifaqının üzvü seçildiniz. Bu proses necə baş verdi?

- Bir il öncə Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sədri Nüsrət Məmmədov məni axtarırdı. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Qırğızıstanda olarkən "İssık-Kul" şeirini yazıb. Şeirə Abbasqulu Nəcəfzadə gözəl bir mahnı bəstələyib. Mahnı 12 dildə ifa edilib. Mahnı mənə təqdim olundu. Mahnını oxudum, ifam və orkestr ilə təqdim etməyim Qırğızıstan Bəstəkarlar İttifaqının sədri Turdubek Çokiyevin marağına səbəb oldu. Vikipediama daxil olub, haqqımda maraqlanıblar. Görüblər ki, 2000-ci ildə də “Issık-Kul Musiqi Müsabiqəsi”nin qalibi olmuşam, TÜRKSOY-un xüsusi mükafatına layiq görülmüşəm. Biliblər ki, Arif Məlikovun tələbəsi olmuşam.

Onlar da qərara gəliblər ki, Qırğızıstan Bəstəkarlar İttifaqına üzv seçək və təşəkkürümüzü bildirək. Hətta yaxın günlərdə Qırğızıstanda qala gecə təşkil olunacaq və 12 dövlətin xalq və əməkdar artistləri iştirak edəcəklər. "İssık-Kul" mahnısını ifa edəcəyəm. Bir neçə gün öncə Qırğızıstanın ölkəmizdəki səfiri Kayrat Osmonaliyev şəxsən bizi dəvət etdi. Görüşə Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova ilə getdik. Çünki Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Almaniyada idi. Məni Firəngiz xanım təbrik etdi. Mənim və Zemfira Qafarovanın səfirlə çox gözəl söhbətlərimiz oldu. Biz arzu etdik ki, Azərbaycan və Qırğızıstanın incəsənət sahəsində bundan sonra da əlimizdən gələni edəcəyik və fəal olacağıq. Bu, bir daha türk xalqlarının mehribanlığını sübut etdi. Mən Qırğızıstan Bəstəkarlar İttifaqının sədri Turdubek Çokiyevə və cənab səfir Kayrat Osmonaliyevə təşəkkür edirəm.

- Siz Azərbaycanda şou-biznes sahəsində cəsarətli və ilklərə imza atan xanım kimi tanınırsınız. Amma tənqid və müzakirələrə səbəb olursunuz, heyvanlara konsert keçirmişdiniz. Yaxın günlərdə Barselonada "Liseo" Opera Teatrında 2292 otaq bitkiləri üçün konsert təşkil edildi...

- Bəli, mən bununla fəxr edirəm. Hətta qoyun qığından paltar hazırlanır. Bu da bir təbiət deməkdir. Təklif bacım Lalə Seyidcahandan gəldi ki, paltarı qoyun qığından edim, mən də qəbul etdim. Konsert təbiətin qoynunda baş tutacaq. Hər zaman yenilikçilər təhqir və tənqidlərə məruz qalıblar. Ona görə də bunu çox gözəl anlayıram və tənqidlərə də hər zaman hazıram. Çünki tənqidin sonu tərifə gəlir. Mən yazırlarımda da, sözlərimdə də nə etdiyimi bilirəm. Bilməyənlər də biləndə dəfələrlə məndən üzr istəyiblər. Nəinki kənar şəxslər ailə üzvlərim də üzrxahlıq ediblər. Hətta qarşıda dişlər üçün konsert verəcəyəm. Dişlər üçün şeirim yazılıb, mahnım bəstələnib. Hətta qoyunlara da bayatılarım üzərində mahnım yazılır. Göz-qaş, kirpiklərə yazıblar, hətta şairlərimiz qadının sinəsinə də şeir qoşublar. Dişləri heç kim nəzərdə tutmayıb. Yaz və yay aylarında layihələrim həyata keçəcək. Eyni zamanda Azərbaycan-Qırğızıstan mədəniyyətinin inkişafı və dostluğu ilə bağlı yenə gözəl bir əsər üzərində işləyirəm. Onu da da deyim ki, Şuşa ili olduğuna görə Şuşada konsert verəcəm.

- Küsülü olduğunuz xalq artisti Nazpəri Dostəliyevaya barışıq üçün addım atdınız...

- Nazpəri Dostəliyeva ilə qalmaqal məsələsində günahım yox idi. Heç zaman insanları nə aşağılayıram, nə təhqir edirəm, nə də pis günündən həzz alaram. Onların hər zaman yaxşı yolda olmasını istəyərəm. Mənə qarşı haqsızlıqlar, tənqidlər, qısqanclıqlar olur. Sonra isə yığıram-yığıram və bir dəfə sözümü deyirəm. Sözüm də böyük partlayışa səbəb olur. Düşündüm ki, Novruz bayramıdır, Allah bütün küsülüləri barışdırsın. Səhv məndə olmasa belə barışıq addımı atdım. Bu məsələdə nöqtə qədər də səhvsizəm. Yaşca məndən böyük olduğu üçün addım atdım. Allah gözəl balasına rəhmət eləsin, bizi pis günlərlə sınağa çəkməsin. İstərdim ki, sevinsin, bizim oxunmayan mahnımız var idi, onu ifa etsin. Heç kim deməsin ki, həyatda başıma nəsə gəlməyəcək. Həyatda heç kim heç nədən sığortalanmayıb. Hər kəsin başına gözləmədiyi hadisə gələ bilər. Ona görə də fikirləşdim ki, Nazpəri xanımın bayramını təbrik edim və keçmiş olsun deyim. Mənə bir neçə adam zəng edib, dedi ki, çox böyük addım atmısan. Əsas odur ki, insanın Allah qarşısında vicdanı rahat olsun, günah məndə yoxdur. Mən barışıq addımı atmasaydım, narahat olardım. Qarşı tərəf necə düşünürsə, özü bilər.


Müəllif: Rəqsanə Həsənova