28 Aprel 2022 13:26
1 193
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Nailə İslamzadə Real TV-də qonaq olub.

Teleqraf.com xəbər verir ki, o, teleaparıcıların nitqini tənqid edib: “Televiziya və radio etalondur. Çoxları deyirlər ki, bu belə deyil. Belədir və biz bu həqiqətdən qaça bilmərik. Çünki televiziyalar təbliğat vasitəsidir. Nəyi çox göstərirsən, baxırsan, necə danışırsan o da təbliğ olunur. Efirə çıxan aparıcı da gəncliyə yaxşı və pis nümunə olur.

Özünü necə aparmaq, nədən danışmaq, hansı tərzdə danışmaq və sair bunlar ayrı-ayrı məsələlərdir. Geyinib gəlir, özünə fikir verir, amma düşüncə tərzi, təfəkkür aşağı səviyyədədir. Bu da mədəniyyətdir. Nəyə görə biz özümüzü bəzəyəndə buna diqqət edirik, amma dildəki qüsurları düzəltməyə səy göstərmirik. Əjdər Ağayev kimi pedaqoq-ekspert var idi, dili etalon idi. Onunla söhbət etmək insana zövq verirdi. Azərbaycan dilində çox gözəl danışırdı. Tamaşaçı ondan nəsə götürürdü. Fikri belə insanlar verməlidirlər.

Hər kəsin özünün mənliyi, düşüncəsi var. Amma subyektiv fikirlər çox vaxt verilişin də, televiziyanın da tamaşaçı qarşısında səviyyəsini aşağı salır. Bu bizim hamımızın yaralı yerimizdir.

Hərdən harasa zəng edəndə kobud səs eşidirəm, cavabımda isə onunla axşamınz xeyir, zəhmət olmasa və sair tərzində danışıram, o özünü yığışdırır. Danışıq tərzinə, özünü aparmağına görə insana münasibət göstərilir. Bu çox vacib amildir.

Dil mədəniyyəti çox vacibdir. Deyirsiniz ki, səhvlər harada olur? Bunların televiziyada olmaması üçün aparıcılar, efirə çıxan insanları diqqətlə seçmək lazımdır. Ana dilimiz bizim milli-mənəvi sərvətimizidr. Bizim vətəndaşlıq borcumuzdur ki, bu sərvəti qoruyaq, gələcək nəsillərə doğru-dürüst ötürək”.


Müəllif: Rəqsanə Həsənova