"Avroviziya-2022" mahnı müsabiqəsinin ikinci yarımfinalında çıxış edən Azərbaycan təmsilçisi Nadir Rüstəmli finala vəsiqə qazanıb.
Teleqraf.com xəbər verir ki, İtaliyanın Turin şəhərində baş tutan müsabiqədə Nadir Rüstəmli "Fade to black” mahnısı ilə 4 nömrə altında çıxış edib.
"Avroviziya-2022" mahnı müsabiqəsində Azərbaycan, Finlandiya, İsrail, Serbiya, Gürcüstan, Malta, San Marino, Avstraliya, Kipr, İrlandiya, Şimali Makedoniya, Estoniya, Rumıniya, Polşa, Monteneqro, Belçika, İsveç və Çexiyadan olan təmsilçilər finala keçmək uğrunda mübarizə aparıblar.
Səsvermə nəticəsində finala 10 ölkə vəsiqə qazanıb. Belçika, Çexiya, Azərbaycan, Polşa, Finlandiya, Estoniya, Avstraliya, İsveç, Rumıniya və Serbiya olub.
Qeyd edək ki, "Avroviziya-2022" müsabiqəsində Böyük Britaniya, İspaniya, Fransa, Almaniya, İtaliya təmsilçiləri finalda iştirak edəcəklər. Müsabiqənin final mərhələsi mayın 14-də baş tutacaq.