Xalq artisti Röya Ayxan Gəncədə iki gün ard-arda solo konsert verib.
Teleqraf.com xəbər verir ki, müğənni 21-22 may tarixində Gəncə Dövlət Filarmoniyasında səhnəyə çıxıb.
Pop ulduz 80 dəqiqəlik musiqili gecədə 20-yə yaxın mahnısını canlı səsləndirib. 11 ildən sonra Gəncədə konsert verən sənətçinin repertuarına keçmiş və yeni mahnıları daxil edilib.
Röyanı səhnədə Coşqun Qadaşovun rəhbərlik etdiyi 10 nəfər musiqiçi və iki solistdən ibarət orkestr müşayiət edib. Tədbirə böyük texniki heyət cəlb edilib, müasir işıqlandırma sistemi qurlaşdırılıb.
Bundan əlavə, xalq artisti hər gün üçün ayrı libas hazırlatdırıb, geyimlər aktrisa Nərgiz Əliyevanın modalar evinin imzasını daşıyıb.
Röya Ayxan konsertin ikinci günündən əvvəl Gəncədə "N" saylı hərbi hissəyə gedib. Estrada ifaçısı 3 minə yaxın əsgər qarşısına çıxaraq mahnılarını səsləndirib, onlarla söhbət edib, xatirə fotosu çəkdirib.
1 saatlıq görüşdən sonra Röya Ayxan Gəncə Dövlət Filarmoniyasına yola düşərək sözügedən məkanda ikinci çıxışını edib.
Bu dəfə də xalq artistinin konsertində izdiham yaşanıb. Sözügedən konsertdə İsak İsmayılov tərəfindən lentə alınan fotoları təqdim edirik.