1 İyun 2022 12:35
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Vəfa Zeynalova MTV Azərbaycan televiziyasında yayımlanan "Üzə-düz" verilişində açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Vəfa Zeynalova ailəsindən danışıb: “22 yaşıma qayıtsaydım, həyatımda çox şeyi dəyişərdim. Atamla çox vaxt keçirərdim. Atam elə bir işdə idi ki, onu çox görə bilmirdik. Həm çox az danışan biri idi.

Xatirələrə qayıdanda o qədər az xatirəm var ki... O xatirələr üçün darıxıram. Gənc yaşda qardaşımı itirmişəm. Onunla o qədər gözəl xatirələrim var. Biz davamlı şəkildə davalar edirdik. Bu gün deyirəm ki, kaş yaşayardı, yenə dalaşardıq. Xəstəliyə düçar olduğu üçün onu itirdik.

Ailəmiz böyük idi, beş uşaq... Həmişə mehriban olmuşuq, mənim üçün ailə müqəddəsdir. Hər kəs bir-birinə dəyər verməlidir. Evin sonbeşiyi olmuşam, mənə demək olar ki, qadağa qoyulmayıb. Anama deyirdim ki, niyə bacılarımı sıxırsan, məni yox? Deyirdi ki, səndən arxayınam. Səni hər yerə buraxaram. Sən heç vaxt məni yanıltmazsan".

Əməkdar artist ona edilən iş təkliflərindən də danışıb: “Mənim üçün böyük şanslar açıldı, iş təklifləri gəldi. Bu dəqiqə olsaydı, birmənalı şəkildə qəbul edərdim. Özüm də sanki körpələrimə qıymadım, düşündüm ki, körpədilər. Mühit dəyişməli idi, həyat yoldaşım dedi, o mühitə uyğunlaşa bilməz. Qızlarım əkiz idi, beş il problemləri oldu. Dayanmadan xəstəxanalara gedirdik. Həyat yoldaşımla mübahisələr olurdu, əsəbimi ona tökürdüm. Sonradan düşünürdüm ki, axı, düz deyir. Mən bu körpələri qoyum necə gedim?!”

Vəfa Zeynalova tənqidlərdən söz açarkən deyib: “Müəyyən insanlar var ki, hər şeyi qınayır, xoş olmayan ifadələr işlədirlər. Bu onların dünyagörüşü, mədəniyyətidir. Mən ancaq bunu deyə bilərəm. Sizin içinizdə müxtəlif obrazlar var ki, onu sizə yenidən göstərirəm. Bəyənmirsinizsə, bu sizsiniz, mən deyiləm!

Elə rollarım var ki, söz-söhbətsiz ötüşmədi, karyerama mane oldu. Sadəcə ruhdan düşmədim. Düşündüm ki, neçənci əsrdə yaşayırıq, insanlar hələ də necə bəsit düşünə bilirlər!? Hər kəsin gözündən salmaq üçün bir rolik paylaşsalar, o insanlar elə birinci onları qınayacaq. İllər əvvəl belə bir məqam yaşadım. Nə qədər ki dünyada paxıl insanlar var, mənə elə gəlir, onlar heç vaxt paxıllıqlarını içlərinə boğa bilməyəcəklər.

Küsdüm, xətrimə dəydilər. Amma bu obrazlarıma görə deyildi, əsla! "Mən aktrisayam” sözünü də heç sevmirəm. Nəyə görə özümü kimlərdənsə qorumalı, təmizə çıxarmalıyam!? Məgər onlar görmür ki, mən aktrisayam? Mən sevmisiniz, alqışlamısınızsa, mən də sizin aranızda olan insanları zaman-zaman sizə təqdim edirəm. Amma siz mənim şəxsi həyatıma heç vaxt qarışa bilməzsiniz. Mən buna icazə vermərəm!”.

Vəfa Zeynalova qızlarına qadağa qoyduğunu deyib: “Qızlarıma çox böyük qadağalar qoymuşdum. Ətrafımda məni o qədər qınayanlar oldu ki... Deyirdilər, olmaz, artıq böyük qızlardır. Deyirdim, yox, belə yaxşıdır. İndi fikirləşirəm ki, müəyyən işlərdə onları çox sıxmışam. Gərək bir az daha çox azadlıq verərdim.

Digər tərəfdən düşünürəm ki, onları sıxıntı içərisində saxlamamışam. Bizim evdə ən çox sınan əşya telefon olub. Onlar məktəbdə oxuyan zaman yalnız zəng etmək üçün telefon vermişdim. Zəng edəndə onlar cavab verməyəndə dəli olurdum. Nənələrinin evinə kimi gedirdim ki, necə oldular? Tapanda da hirsimi tökürdüm. İndi xatırlayıram ki, onlar məndən necə qorxurdular. Yaşlananda valideynə nadir halda oğlan, çox vaxtsa qız baxır. Təbii ki, istəmişəm oğlum da olsun, amma taleyin qisməti..."


Müəllif: Rəqsanə Həsənova