7 İyun 2022 15:16
1 310
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil etmiş Nadir Rüstəmli Teleqraf.com-un “Sözünü de” layihəsində qonaq olub.

Onunla müsahibəni təqdim edirik.

- Nadir bəy, ölkəmizi “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsində təmsil etdiniz. Yarışmada 106 xalla 16-cı yerə layiq görüldünüz. Təəssüratlarınızı eşitmək istərdik.

- “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsinin münsif səsverməsində "onluq"da oldum. Bu nöqteyi-nəzərdən təəssüratlarım çox yaxşıdır. Gözlədiyim oldu. "Onluq"da olmaq doğrudan da uğurludur. Münsiflər heyəti səsə, səhnəyə qiymət verdi. Bir az xalq səsverməsində məyus oldum. Çünki bu qədər az xal gözləmirdim.

Düzdür, bəzi problemlər ortaya çıxdı. Sonradan öyrəndik ki, xalımız çoxmuş, amma bəzi problemlərə görə azalıb. Az xal yığmağım məni məyus elədi, amma aşağı pillədə qərarlaşmamağım bir təsəlli idi.

Mənim üçün önəmlisi o idi ki, “Avroviziya-22”də çıxışım yaxşı mənada söz-söhbət doğursun. Hər dəfə mənə sual verəndə ki, “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində nə ilə yadda qalmaq istəyirsən? Cavab verirdim, hamı desin ki, Nadir Rüstəmli əlindən gələnin ən yaxşısını etdi, qalib olmalı idi, ən yuxarı pilləyə layiqidi. Təbii, ilk növbədə istəyirdim desinlər ki, Nadir Rüstəmli qalib gəldi.

İstədiklərim böyük həcmdə baş tutdu. Hətta xarici ölkələrdən adıma böyük miqdarda pul yatıranlar da olmuşdu. Qalib gəlsəydim, böyük məbləğ qazanacıqdılar. Bunu da sonradan öyrəndik. Qələbəmizə inanlar çox idi.

- “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin finalına bir gün qalmış imicinizi dəyişdiniz. Bu addımınızı birmənalı qarşılamadılar. Hətta aşağı pillədə qərarlaşmağınıza səbəb kimi göstərənlər də oldu...

- Bizim də narahat olduğumuz məsələ bu idi ki, reklamımızı düzgün apara bilək. Əksinə, çox insanlar imic dəyişikliyimi bəyəndilər. Dəstək oldular və bildiridilər ki, imiciniz indi daha yaxşıdır.

Belə bir addım atmağımıza səbəb sosial mesaj oldu. Bizim səhnə direktorumuz əvvəlcədən demişdi ki, istəyirəm səhnəyə saçını kəsib çıxasan, müsabiqənin yarımfinal və final mərhələsində bu imicdə tanınasan.

- Niyə imic dəyişikliyini müsabiqənin ikinci yarımfinal mərhələsində etmədiniz?

- Səhnə direktorumuz dedi, bizim mesajımız bu olsun ki, müsabiqəyə göstəriş, nümayiş üçün yox, musiqimizi göstərməyə gəlmişik. İstəyirdik ki, tam diqqət musiqimizə yönəlsin. İmic dəyişikliyinə tam qərar vermədiyimizə görə bunu ikinci yarımfinlada etmədik, gözlədik. Fikirləşirdik ki, görəsən, reklamı düzgün qura biləcəyikmi? Çünki Azərbaycanda bütün fotosessiyalarım, çəkilişlərim saçlı olub. Bəs indi final mərhələsində saçımı kəsdirməyim nə dərəcədə düzgün olar?

Düzü, bir az çəkinirdik. Özüm necə, imic dəyişikliyini istəyirdimmi? Bəli... Amma mən də qərarsız qalmışdım, bir az narahat idim.

Sonra İnstaqram səhifəmdə paylaşdığım videoda da qeyd etdiyim kimi, mahnım haqqında danışanda deyirəm ki, öz qorxularınızın üstünə gedin. Qorxularınızla üzləşməkdən çəkinməyin! Bir qorxu var ki, sizi həmişə saxlayır. Bu, dəyişiklik qorxusudur. Hamımızın dəyişiklik qorxusu var. Kimsə imicini dəyişməkdən, kimsə saçını boyamaqdan qorxur. Düşünür ki, camaat nə deyəcək? Yaraşacaq ,yoxsa yox. Ən böyük qorxu dəyişiklik qorxusudur.

Mən videoda da qeyd etdim ki, artıq dəyişikliklərdən qorxmuram və saçım gedir... Beləliklə, mahnımızın mesajı oldu ki, dəyişikliklərdən qorxmayın, qorxularınızın üzərinə gedin.

Niyə məhz final mərhələsində imic dəyişikliyi etdik? Çünki yarımfinaldan final mərhələsinə keçəndə böyük həyəcan, qürur və sevinc hissi keçirdik. Dedim ki, yarımfinal mərhələsindən keçdimsə, final mərhələsi üçün nəsə etməliyəm. Saçımı kəsdirmək istəyirəmsə, kəsdirməliyəm. Ona görə də belə etdim. Hətta saçımı özüm kəsdim. Sonra təbii ki, stilistimiz səliqəyə saldı.

- Necə düşünürsünüz, finalda 16-cı yerdə qərarlaşmağımızın səbəbi nə idi?

- Münsif səsverməsində 10-cu yer, xalq səsverməsində 16-cı yer... Əslində, sonradan öyrəndik ki, bəzi problemlər olub, bal kəsimi, xalların azalması və sair. Əslində, 10-cu, yaxud 11-ci yerdə ola bilərdim. Xalımız kəsildiyinə görə 16-cı yerdə qərarlaşdım, amma təşkilatçılarla danışıqlar gedirdi. Xalları geri qaytarmaq mümkün olmadı. Özüm də bunu istəmədim, çünki artıq efirdə yayımlanmışdı.

Sonradan xalları dəyişməyin mənası olmazdı, artıq yaddaşlarda belə qaldıq. Mən "üçlük"də və "beşlik"də olmaq istəyirdim. Ən azı "onluqd"a... Əslində, belə də oldu - münsif səsverməsində. Bəs xalq səsverməsində niyə belə olmadı?!

Müsabiqədə ifa etdiyim “Fade to Black” mahnısını dörd mahnı içindən seçmişəm. Əvvəlcə başqa mahnını bəyənmişdim. Studiyada yazdıranda “Fade to Balck” mahnısını bəyəndim və dedim ki, ifa edəcəyim mahnı bu olmalıdır. Elə bir mahnıdır ki, birinci dəfə oxuyanda yaxşı mahnı olduğunu düşünürsən, ikinci dəfə qulaq asanda bəyənib sevirsən, üçüncü dəfə dinləyəndə isə mahnını söndürmək istəmirsən.

Doğrudan da mahnı gözəldir, amma “Fade to Balck” mahnısını üç dəfə dinləmək lazımdır. Bir dəfə qulaq asanda mahnı səni tutmur. Bu mahnı “Avroviziya” beynəlxalq mahnı müsabiqəsi üçün bir az riskli idi. Çünki cəmi üç dəqiqən var ki, mahnını oxuyasan və hamıya bəyəndirəsən. Mahnının aşağı pillədə yer almasının səbəbi bu ola bilər.

- “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin həm də siyasi yarışma olduğunu iddia edirlər. Bu iddialarla nə dərəcədə razısınız?

- İddialar düzgün ola bilər, amm bundan narazılığım yoxdur, normal haldır. Əsas odur ki, “Avroviziya” bütün ölkələri birləşdirən, mükəmməl bir dostluq əlaqəsi yaradan müsabiqədir. Məsələn, mən Belçika, Avstraliya, Çexiya, İsveçrə və Kipr təmsilçiləri ilə dostlaşdım. Əlaqələrimiz müsabiqədən sonra da davam edir. Hətta İsveçrə təmsilçisini Bakıya dəvət etmişəm, gələcək. Bəlkə qarşıda birlikdə layihələrimiz oldu.

Bu o deməkdir ki, “Avroviziya” ölkələri bir-birinə istər siyasi, istər də incəsənət cəhətdən birləşdirən mükəmməl bir vasitədir. Müəyyən dərəcədə siyasi yarış sayılsa da mükəmməl bir müsabiqədir.

- İTV-də ölkəmizi ikinci dəfə müsabiqədə yenidən təmsil etmək fikriniz olduğunu qeyd etdiniz. Bu il nəzərdə tutursunuz? Müsabiqəyə getsəniz yenə eyni janra müraciət edəcəksiniz?

- Yəqin ki, eyni janrda olan mahnı ilə çıxış etmərəm. Səbəb o deyil ki, bu mahnı tutmadı, başqa janra müraciət edim. Sadəcə bir dəfə çıxış etmişəmsə, yenidən eyni mövzuya müraciət düzgün deyil. Eldar Qasımov və Nigar Camalın “Avroviziya”da ifa etdikləri “Running Scared” mahnısı da ritmik deyildi, amma qalib oldu.

- Sizin səhnə performanısınızın “Avroviziya-2013” beynəlxalq mahnı müsabiqəsində ölkəmizi təmsil edən Fərid Məmmədovla bənzər olduğunuzu iddia edirlər. Bununla nə dərəcədə razısınız?

- Həmişə deyirdim ki, “Avroviziya” təmsilçilırimizdən Fərid Məmmədovun səhnəsi tipli səhnə olsa sevinərəm.

- Niyə səhnə performansınızın təkrar olmasını istəyirdiniz?

- Düzdür, oxşarlıq var idi, tam eyni səhnə performansı deyildi. Fərid Məmmədov səhnədə sırf kölgə obrazı canlandırırdı, bizdə isə mən sadəcə kölgəmlə yox, qorxularımla mübarizə aparırdım. Eyni hərəkəti təkrar etməyimiz oxşar idi. Mövzu isə tamamilə başqadı. Rəqqas Fərid Məmmədovun kölgəsini, məndə isə qorxularımı canlandırırdı. Oxşarlıqsa vardı, razıyam...

Azərbaycanı bu il təmsil etməyimi təklif etsələr istəmərəm. Çünki çox yorğunam. Bəlkə də yorğunluğum tez keçəcək. Amma fikirləşirəm ki, bir müddət toparlanıb, daha iddialı gedə bilərəm. Bəlkə də kim bilir ki, bu il üçün təklif etsələr gedərəm. Hazırkı düşüncəmə görə yox deyirəm.... Nəzərə alın ki, yuxuluyam, yorğun beyinlə düşünürəm (gülür).

İkinci dəfə “Avroviziya”ya getmək istəyirəm, çünki ürəyimdə qaldı.

- Müsabiqədə qalib olmaq istəyirsiniz?

- Bəli...Onsuz da Azərbaycanda və bir neçə ölkədə izləyicilər arasında özümü qalib kimi hiss edirəm. Çünki doğrudan bu fikrə tərəfdar olduqlarını görürəm. Hətta məni qarşılamağa gələndə dedilər ki, Nadir, sən bizim qalibimizsən.

Bu dəfə yarışa qalib olmaq və ya daha ön pillədə qərarlaşmaq ümidi ilə gedəcəm.

- “Avroviziya-2022”də Ukrayna “Kalush Orkestrı” adlı qrupla, “Stefaniya” adlı mahnıyla qalib gəldi. Ukraynanın qalib gəlməsini gözləyirdinizmi? Seçimləriniz kimlər idi?

- Bəli, Ukraynanın "Kalush Orkestrı" adlı qrupunun "Stefaniya" mahnısı ilə qalib seçilməsi xoşuma gəldi, amma münsif olsaydım, bu mahnını seçərdimmi? Xeyr. Hazırda Ukrayna xalqına dəstək lazımdır. Millət zülm görməyə layiq deyil. Ona görə də "Avroviziya -2022" beynəlxalq mahnı müsabiqəsində Ukraynanın qalib olmasına sevinirəm.

- Azərbaycanın münsif səslərini İTV-nin aparıcısı Nərmin Salmanova təqdim edərkən problem yarandı. Avropa Yayım Birliyi səsvermədə xəta baş verdiyini və ölkədən Ukraynaya getməli olan 12 xalın Böyük Britaniyaya getdiyini vurğuladılar. Bu haqda nə deyə bilərsiniz?

- Bilmirəm orada nələr baş verdi, amma səsvermə zamanı Azərbaycanla yanaşı beş ölkə də bu problemlə qarşılaşdı. Yalnız münsiflərin səsverməsində yox, xalq səsverməsində də problemlər oldu. Səbəbi bilmirəm. Amma artıq olan oldu.

- "Avroviziya-2022"nin Malta təmsilçisi Emma Muskatın sizinlə səmimi görüntüləri yayıldı. Murad Arif sosial şəbəkədə videonu paylaşaraq "Maltadan həmişə xal almışıq, deyəsən, bu dəfə qız alırıq", - deyə qeyd etdi.

- Bəli, Malta təmsilçisi Emma Muskat məndən müsahibə götürməyə gəldi və kiçik bir hədiyyə təqdim etdi. Yəqin ki, bu şoularının bir hissəsi idi.

- Emma Muskatın sizdən xoşu gəldi?

- Bilmirəm... Müsabiqədə məndən çox adamın xoşu gəlirdi (gülür). Zarafat bir yana, Emma Muskatın sevgilisi var, sadəcə mənə müsahibə üçün yaxınlaşmışdı. Bu anda isə Murad Arif gəlib dedi ki, bu gözəl xanım kimdir? Mən də ingilis dilində cavab verdim ki, bu gözəl xanım Malta təmsilçisi Emma Muskatdır. Murad Arif isə qayıtdı ki, bu, yeni bir hekayənin başlanğıcıdır. Yox deyib güldüm. Emma Muskat da utandı, qıpqırmızı oldu. Onların komadasından bir nəfər cavab verdi ki, yeni bir hekayənin başlanğıcı deyil.

Murad Arif də vəziyyətdən yaxşı çıxdı, dedi ki, mən Malta və Azərbaycanın dostluq münasibətindən bəhs edirəm. Sağ olsun, həmin görüntüləri İnstaqram hesabında paylaşaraq "Maltadan Salyana gəlin gəlir", - deyə qeyd etdi.

- Ümumiyyətlə, "Avroviziya"da sizə sevgi təklifi edən oldumu?

- Sevgi təklifi deməzdim, amma görüş təklif oldu (gülür).

- "Avroviziya-2022" beynəlxalq mahnı müsabiqəsindən sonra qızların diqqətini daha çox çəkdiniz. Təbii ki, İTV-də yayımlanan "Səs Azərbaycan" verilişində də qız pərəstişkarlarınızın sayı çox idi. Hazırda sizə sosial şəbəkədə yazırlar?

- Əlbəttə, bu normaldır və buna sevinirəm. Qızlar İnstaqramdan çox yazırlar. O qədər maraqlı və fərqli mesaj yazan xanımlar var ki... Məsələn, bir xanım şəbəkə izləyicisi var, hər gün - səhər, günorta, axşam yazır. Ümidvaram ki, o xanım "fan görüşü"nə gələcək və onunla görüşəcəyik.

- Xanımın fotosunu görmüsünüz?

- Xeyr, fotosunu görməmişəm, sadəcə mesajlarını oxumuşam.

- Bəlkə bu müsahibəni oxuyacaq...

- Bəli, buradan o xanıma səslənirəm, mesajlarınızı oxuyuram.

- Həmin xanıma cavab yazmırsınız?

- Xeyr, cavab yazmıram. Sizin vasitənizlə bildirirəm ki, xanım, sizə cavab yazacam.

- Ümumiyyətlə, nə zaman evlənməyi düşünürsünüz?

- 23 yaşım var. Düşünürəm ki, 28-30 yaş arasında ailə quraram.

- Hazırda sevgiliniz yoxdur?

- Mənim izləyicilərim mənim sevənlərimdir.

- Şəxsi həyatınızda kimsə olsa, açıqlamaqdan qorxarsınız ki, xanım pərəstişkarları itirərsiniz və sair...

- Şəxsi həyatımda kimsə olsa təbii ki, onu itirməkdən qorxaram. Çünki şəxsi həyatımda kimsə varsa, deməli, onu sevirəm. Amma o insan kiminlə bir yerdə olduğunu bilməlidir. Hər fanatdan sonra məni qısqanacaq və münasibətdə problemlər yaranacaqsa, deməli, xanım seçimim düzgün deyil. Mən elə bir xanım seçmərəm. O bilməlidir ki, bu mənim karyeramdır, ətrafımda xanımlar olacaq. Bəlkə, sabah filmə çəkiləcəm?

Qaldı ki, izləyicilərimi itirmək qorxusuna, əgər dinləyicim məni mən olduğuma, insanlığıma, sənətimə görə sevirsə yanımda xanımın olub-olmaması pərəstişkarım üçün fərq etməz.

- Gələcəkdə aktyor kimi də fəaliyyət göstərməyi planlaşdırırsınız?

- Bəli, hətta Rusiyadan serial təklifi gəldi, qəbul etmədik. Səbəbini deməyəcəm.

- Nadir bəy, necə xanımlara üstünlük verirsiniz?

- Deyə bilmərəm ki, sarışın, gözləri yaşıl, yaxud qarabuğdayı olsun... İlk baxışdan sevgiyə deyil, vurulmağa, aşiq olmağa inanıram. Sevgidə bir insanı tanıyandan sonra qərar veririk ki, onu sevməyə dəyər, yoxsa yox. İlk baxışdan vurula bilərsən ki, bu qızdan gözəli yoxdur, ona aşiq oldum, amma sevib-sevilmək məsələsi gələcəyə bağlıdır.

- Samirə Əfəndinin yarımfinalda Norveç təmsilçisini dəstəkləməsi ölkəmizdə düzgün qarşılanmadı. Azərbaycanı dəstəkləmədiyinə görə tənqid edildi. Buna münasibətinizi öyrənmək istərdim.

- Bir az öncə sevgidən danışırdıq. Bu da normaldır. Norveç təmsilçisi "TİX" (Andreas Haukeland) ilə bir-birini sevirlər. Sevginin qarşısını heç nə kəsə bilməz. Ona görə də Norveçi dəstəkləməsinə görə Samirə Əfəndini qınamıram.

- Samirə Əfəndi yalnız müsabiqənin yarımfinal mərhələsində Norveç təmsilçisini dəstəkləyəcəyini bildirdi.

- Xəbərim yox idi, sonra bildim. Amma heç bir problem görmürəm. Samirə, narahat olma, hər şey qaydasındadır! Hər şey gözəldir.

- Sizə "Avroviziya-2011"in qalibi Eldar Qasımov dəstək oldu...

- Bəli, sağ olsun. Hətta Eldar Qasımov Turinə gəldi və müsabiqə boyu yanımda oldu, çox dəstək verdi. Stresli anlarımda yanımda olurdu. Səhnədən əvvəl çox şey öyrətdi. Eldar Qasımova "Səs Azərbaycan" yarışmasından tutmuş "Avroviziya"ya qədər çox şey borcluyam. Hətta indi də böyük qardaş kimi kömək edir və öz məsləhətlərini əsirgəmir.

- Televiziyada müsabiqənin final mərhələsində çox həyəcan keçirdiyinizi qeyd etdiniz.

- Bəli, mənim yüksəklik qorxum var. Səhnədə pilləkənlər arası məsafə çox idi. Üç pilləkən yuxarı çıxanda yüksəkdə sayılırdın. Pilləkən əl gücü ilə hərəkət etdirilirdi. Hərəkət anında təbii ki, pilləkəndə əsmə olurdu, mən də tutrəyirdim. Yuxarı baxanda tamaşaçını, aşağı baxanda suyu görüb həyəcanlanırdım. Problem suda deyildi, çünki mən professional üzgüçüyəm. Sadəcə yüksəklik qorxusu idi.

Mahnının sonunda əsmə və həyəcan olurdu. Bu hissədə də mahnıda ən zil notları götürməli idim. Mahnıda ən çətin hissə ora idi və eyni anda pilləkənin də həyəcanı... Bu epizod dəhşətli dərəcədə çətin idi. Bunu sözlə izah edə bilmərəm.

Eləcə də hansı sözdə hansı kameraya baxmalıyam, bunları yadda saxlamaq bir yana, mahnının ən çətin hissəsində yüksəklik qorxumla pilləkəndə hərəkət etmək anı üst-üstə gələndə səhnədə nələr yaşayırdım, Allah bilir...

Hər dəfə rəqqasla üz-üzə gələndə, pilləkən çevriləndə o mənə göz vurub gülümsəyirdi. Mənə özümü məşqdəki kimi hiss elətdirirdi. Bu, uğurlu alınırdı və ona hər məşqdən və səhnədən sonra təşəkkür edirdim ki, çox sağ ol, bunu gələn dəfə də et.

- Qarşıda hansı hədəfləriniz var?

- Hazırda yeni mahnılar üzərində işləyirəm. Daha böyük hədəflər olacaq. Yaxın bir il ərzində solo konsert verməyi planlaşdırıram.

Gələcək planlarımdan biri də "Grammy” musiqi mükafatını almaqdır. İnanıram ki, olacaq. Bir vaxtlar demişdim ki, "Youthvision" Beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcəm, elə də oldu. 21 ölkə arasında 2-ci yerin qalibi oldum. Eləcə də "Səs Azərbaycan" yarışmasında iştirak etdim və qalib oldum.

Bir gün "Avroviziya"da çıxış edəcəm dedim, oldu. Bir gün də "Grammy" musiqi mükafatını alacam...


Müəllif: Rəqsanə Həsənova, Foto: Rüfət Mikayılov