30 İyun 2022 19:41
1 946
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Neftçi" futbol klubunun qapıçısı Rəşad Əzizli Teleqraf.com-un "Sözünü de" layihəsində qonaq olub.

Onunla müsahibəni təqdim edirik.

- Bir neçə gün əvvəl "Neftçi" futbol klubunun yeni baş məşqçisi Laurensio Regekampfı ictimaiyyətə təqdim edildi. Onun komandaya nə dərəcədə faydalı olacağını düşünürsünüz?

- Bəli, Laurensio Regekampfın "Neftçi" futbol komandasına uğur gətirəcəyinə inanıram. Çünki işlədiyi komandalarda yüksək nəticələr göstərib. O, Səudiyyə Ərəbistanda çalışıb. Özünün dediyi qədərilə hücum futbolu da oynayır. Bu hal "Neftçi" futbol klubu üçün yaxşıdır və onun gəlişinin yaxşı nəticə verəcəyinə inanıram.

- Yeni baş məşqçi ilə artıq ünsiyyətiniz olubmu? Regekampf sizdə hansı təəssüratı yaradıb?

- Düzü, hələ ki baş məşqçimizlə görüşməmişik. Yaxın günlərdə söhbətimiz olacaq. Klubda qalıb-qalmayacağım yaxın günlərdə bilinəcək və ola bilsin, qalacam, yaxud icarəyə gedəcəm.

- Son illər Azərbaycan Premyer Liqasında çempionluq uğrunda yalnız "Qarabağ" və "Neftçi" mübarizə aparır. Necə hesab edirsiniz, yeni mövsümdə başqa iddialı komandalar olacaqmı?

- "Sabah" futbol klubu yeni heyət yığır. "Səbail" futbol klubu da öz üzərində çalışır. Düşünürəm ki, bu il "Qarabağ"a bir neçə rəqib komanda olacaq.

- Siz Azərbaycanda "Qarabağ" futbol klubunu ən güclü hesab edirsiniz?

- Bəli, bu günə qədər belə idi, bundan sonra vəziyyət dəyişə bilər. "Neftçi" futbol klubunun da yaxşı heyəti var və yeni hücumçu gəldi. Artıq açıq rəqabət olacaq və inanmıram ki, "Qarabağ" futbol komandası bu il rahatlıqla çempion olsun.



- "Neftçi" Azərbaycanın ən köklü klubudur və həmişə futbolumuzun flaqmanı hesab olunub. Ona görə də azarkeşlər sizdən daim Avropada uğurlu nəticələr gözləyir. Bu il azarkeşlər Konfrans Liqasında "Neftçi"dən hansı nəticəni görə biləcəklər?

- Azarkeşlər "Neftçi"dən istəyi ancaq çempionluqdur. Konfrans Liqasında da nə qədər uğurlu çıxış edib, qol vursa, azarkeşlər qane olar. Əsas odur ki, çempionatda çempion olmalıdır, titul qazanmalıdır. Bununla "Neftçi" futbol klubu daha da inkişaf edər. Hər bir titul "Neftçi" üçün vacibdir.

- "Neftçi" iyulun 28-də UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Kiprin "Aris" klubu ilə oynayacaq. "Neftçi"dən qalibiyyət gözlənilirmi?

- Əlbəttə, hamı istəyər ki, "Neftçi" futbol klubu qalib olsun. Sadəcə Kiprin futbol klubları ilə oynamaq çətin olur. "Qarabağ" Kiprin futbol komandası ilə oynayarkən çətinlik çəkdi. Eynilə Kiprin "Apoel" futbol klubu ilə "Neftçi"nin qarşılaşması da asan keçmədi. İnanıram ki, bu il "Neftçi" "Aris"i məğlub edəcək.

- "Neftçi" Avropa Liqasında niyə keyfiyyətli oyun göstərə bilmirlər? Çatışmayan tərəflər nələrdir?

- Yəqin hardasa diqqətsizlik, boşluq olur. Keçən ilki oyunlara nəzər salıqda görürsən ki, "Neftçi" yaxşı formadadır və hardasa cüzi boşluq qarşısında məğlub olur. Yenə də toparlanıb "Neftçi" futbol klubu öz sözünü deyəcək.

- Futbol oyunlarında qalib də gəlirsiniz, məğlub da olursunuz. Uduzan zaman azarkeşlərin fikirlərini necə qarşılayırsınız? Sizə ən sərt reaksiya nə olub?

- Təbii ki, azarkeşlərə sevdiyi futbol klubunun uduzması pis təsir edir. Amma təhqirə yol vermək olmaz. Haradasa azarkeşləri də başa düşmək olar. İstəyirlər ki, sevdikləri komanda qalib gəlsin, biz də elə ona çalışırıq. Heç kim uduzmaq istəməz, azarkeşlər də qəbul etsinlər ki, biz mübarizə aparırıq, əziyyət çəkirik. Oyun zamanı nəticədən asılı olnayaraq bizi sona qədər dəstəkləmələri yaxşı olar.

- Azarkeşlərin ən sərt reaksiyaları ilə qarşılaşdığınız zaman olubmu?

- Xeyr, elə bir hal olmayıb. Hər zaman "Neftçi" futbol klubuna azarkeşləri dəstək olublar.

- Ümumiyyətlə, dünyada və Azərbaycanda azarkeşlik etdiyiniz komanda varmı?

- Qapıçı Noel Valladares hansı kluba gedirsə, oraya azarkeşlik edirəm. Təbii ki, Azərbaycanda "Neftçi" klubunun azarkeşiyəm.

- Hazırda "Neftçi"də oynayırsınız. Amma vaxtilə "Zirə", "Səbail" və sair futbol klublarının da qapıçısı olmusunuz.

- Bəli, "Nefçi" futbol klubunda uşaqlıq illərində də oynamışam. Başqa kluba gedib və yenidən qayıtmışam. "Neftçi" futbol klubu ona görə mənə daha doğmadır, həm azarkeşlərinə, həm də kluba görə...

- Futbolçu Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun hücumçusudur. Sizə bir qapıçı kimi xarici ölkələrdən təklif olubmu?

- Xarici ölkələrdən təkliflər gəlir, sadəcə maddi və ailə vəziyyətinə görə götür-qoy etməli olursan. Yaponiyadan təklif aldım. Pandemiya dönəminə düşdüyünə görə karantin idi. Bildirdilər ki, futbolçular 21 gün karantində qalmalıdırlar. Heç bir məşqçi futbolçunun 21 gününü itirməsinə razı olmazdı.

Düzdür, bu il də Yaponiya ilə danışıqlar gedir, şərtlərimizi bildirmişik, cavab gözləyirik. Çox detalları açıqlamaq istəmirəm. Bununla yanaşı Türkiyə, Rumıniya və Rusiyadan da təkliflər olub.

- Sizin özünüz hansı futbol klubunda fəaliyyət göstərmək istəyərsiniz?

- Çalışmaq istədiyim xüsusi komanda yoxdur. Təbii ki, "Real" klubunda hamı oynamaq istəyər. Amma reallıq odur ki, o mərhələyə çatmaq üçün çox işləmək lazımdır.

- Sizə görə Kriştianu Ronaldo, yoxsa Lionel Messi?

- Kriştianu Ronaldo.

- Maraqlıdır, necə bir ailədə dünyaya gəlmisiniz? Niyə məhz futbol sahəsini seçmisiniz?

- Düzü, anam uşaqlıqda məni kinq-boks idman növünə aparmışdı. Anam dedi ki, kinqboksyor olacaqsan. Mən də razılaşdım. Stadionun yaxınlığında futbol komandası məşq edirdi. Orada qaçan zaman qapıçını gördüm, məşqdə idi. Onun qapıda durması maraqlı mənə gəldi. Anama baş verənləri danışdım, sən demə, məşq edən atam Faiq Əzizov imiş. Atamı uzaqdan görmüşdüm, ona görə tanınamışdım. Dedim ki, mən də qapıçı olmaq istəyirəm. Atam isə futbol sahəsinə gəlməyimə icazə vermirdi, deyirdi ki, təhsil almalısan.

- Sizin atanız özü qapıçı olmasına rəğmən bu sahəyə gəlməyinizi istəməyib...

- Bəli, atam Faiq Əzizov məşqçi idi. Anam məni dəstəklədi və "Azəri" komadasına apardı. Orada oynamağa başladım və ilk zamanlar sağ müdafiəçini oynayırdım. Mənə dedilər ki, mövqeyini bildir.
Mən də atama görə dedim ki, qapıçı olmaq istəyirəm.

O gündən fəaliyyətim başladı. Sonra atam gördü ki, bacarıram və mənə dəstək oldu. Düzdür, çox sıxırdı, səhvlərimi deyirdi, qışqırırdı. Amma yavaş-yavaş gördü ki, məndə alınır.

- Ailədə neçə uşaqsınız?

- Ailədə iki uşağıq, bir bacı, bir qardaş...

- Sizə Azərbaycan milli futbol komandasından da təklif gəlib. Amma son anda adınız siyahıdan çıxarılıb.

- Bütün yaş qruplarında Azərbaycan milli futbol komandasında oynamışam. Əsasda da Qurban Qurbanov tərəfindən dəvət olunmuşam. Berti Foqtsun vaxtında da oynamışam. Sadəcə bu dəfəki oyunda mənə dəvət gəldi, dörd gün məşq etdik, sonra siyahı tutuldu, üç qapıçı olmalı idi. Mənə dedilər ki, sən ehtiyat siyahıdasan, nəsə baş versə, hazırlıqlı ol. Qapıçı Emil Babayev Qazaxıstandan gəldiyinə görə dedilər ki, adım siyahıdan çıxarılıb.

- Yenidən Azərbaycan Milli futbol komandasında oynamaq şansın varmı?

- Yenidən Azərbaycan Milli futbol komandasının təlim-məşq toplantıları olanda dəvət edə bilərlər. Mənə oradan dedilər ki, yenidən dəvət olunacaqsan.

- Niyə futbolda ən çox qapıçılar və hücumçular tənqid edilirlər?

- Nəticə qapıda olur...

- Qol buraxan zaman ilk olaraq nə düşünürsünüz?

- Hər dəfə qapıdan qol buraxanda düşünürəm: niyə belə etdim?.. Bəlkə də başqa cür hərəkət etsəydim, qolun buraxılmasına imkan verməzdim.

- Hansı komanda ilə oyunda kiçik səhvə görə topun qapıdan keçməsinə imkan vermisiniz?

- 2019-cu ildə "Neftçi" ilə "Qəbələ" futbol klubunun cavab oyunu idi. O oyunda məyus oldum ki, kiçik səhv etdim. Özümü çaşdırdım. İkinci qolda təəssüflənmişdim.

- "Neftçi" ilə "Qarabağ" futbol klubları Avropa Liqasında müəyyən nəticələr göstərirlər. Amma Azərbaycan milli komandası çox zəif çıxış edir. Sizcə, buna səbəb nədir?

- Heyət seçimi məşqçilərin qərarıdır. Ola bilsin, "Qarabağ"da komanda bir yerdə oynadığı üçün daha rahat oyun nümayiş etdirir. Bütün futbolçular orada bir-birilərini tanıyırlar, eyni sistemdir. Azərbaycan milli komdasına isə hər klubdan futbolçu dəvət edilir. Onları başa salmaq və öyrətmək bir az vaxt aparır. Yəqin futbolçular sxemdə uyğunlaşa bilmirlər, məşqçinin dediyini başa düşmürlər.

Amma inanmıram ki, Azərbaycan Milli komandasında oynayan futbolçular burada pis, klubda yaxşı oynasınlar. Yəni belə hal heç vaxt ola bilməz. Onlar da istəyirlər ki, millimiz yaxşı nəticə göstərsinlər və oyunu qazansınlar.

- "Qarabağ" futbol klubunun qapıçısı Şahruddin Məhəmmədəliyev ilə münasibətiniz necədir?

- Münasibətimiz çox yaxşıdır.

- Futbolçular və qapıçılar çox varlıdırlar. Maaşınızı açıqlaya bilərsiniz?

- Yaxın günlərdə "Neftçi" ilə müqavilə bağlanmalıdır. Hələlik maaşım dəqiq bilinmir. Milyonçu deyiləm, şükür Allaha, futboldan azdan-çoxdan özümüz üçün bir şey qazanmışıq.
Maaş ayın başına qədər yaşamağa kifayər edir.

- Hər hansı biznes sahəniz varmı?

- Xeyr.

- Hansı futbolçularla yaxın dostluq münasibətiniz var?

- Yaxın dostlarım başqa sahədədir. Futbolda yaxın dostum yoxdur. Biri var dost, biri var ki, tanış. Mən dostluq münasibətinə önəm verən insanam. Uşaqlıqdan bir dostum var və bu günə qədər onunla dostluğumuz davam edir. Amma bütün futbolçularla yaxın münasibətimiz var və ünsiyyətdəyik.

- "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov və "Zirə"nin baş məşqçisi Rəşad Sadıqovla münasibətiniz necədir?

- Hər ikisi ilə çox yaxşı münasibətimiz var.

- Onları necə xarakterizə edərsiniz?

- Hər ikisi sərt və haqsızlığa göz yummayan insanlardır. Hər ikisi vicdanlıdır. Qurban müəllimlə də işlədim, o, göründüyü qədər sakit deyil. Məşqlərdə çox əsəbi olur və tələbkar insandır.

Rəşad müəllimlə də işləmişəm, onda isə ayrı xüsusiyyətlər var. O, hardasa futbolçunun rahat olmasına şərait yaradır. Harda sıxmaq lazımdırsa, bunu edir. Rəşad Sadıqov nəyisə edirsə, deməli düz edir. Ondan çox UEFA-da oynayan və qalib gələn futbolçu olmayıb. Futbolçu kimi vaxtında uğur qazanıb.

- Yeni mövsüm hazırlıqları necə gedir? Komandada vəziyyət necədir?

- Bilirəm ki, heyətdə əhval-ruhiyyə yaxşıdır, məşq edirlər, oyuna hazırlaşırlar. Elə bir problem yoxdur.

- Ümumilikdə, futbolumuzun inkişafı və dünya arenasında öz yerini tutması üçün nə lazımdır?

- İlk növbədə uşaq futbolu düzəlməlidir. Bu sahədə haqsızlıqlar və tapşırıqlar olmamalıdır. Boşluqları aradan qaldırılmalı və sistemli iş aparılmalıdır. Hamı eyni sistemlə davam etməlidir. Uşaq komandası və əsas komanda ayrı sistemlərdə oynayırlar. Halbuki biri-birinə zəncirvari bağlı olmalıdır. Məncə, bu halda uğur qazanmaq mümkündür.

Düzdür, hər məşqçinin öz fikri olur. Amma hamı bir-birinin sözünü eşitsə və qəbul etsə, uğur qazanılacaq və futbolumuz düzələcək. Şükür Allaha, Azərbaycanın futbolda sahəsində olan pul düşünmürəm ki, qonşu ölkələrdə olsun. Futbolda maddiyyatla bağlı problem yoxdur, problem fəaliyyətdədir...


- Hansı müdafiəçi ilə oynayanda düşünürsünüz ki, komanda uduzmayacaq? Yəni ən güvəndiyiniz müdafiəçi kimdir?

- Ən güvəndiyim müdafiəçi Azər Salahlıdır. Onun futbol biliyi yaxşıdır. Müdafiəçi olsa belə, daha çox hücumlarda iştirak edir. Bununla yanaşı Emin Mahmudov da güclüdür.

- Hər hansı hobbiniz varmı?

- Hobbim velosiped sürməkdir.

- Neçə övladınız var. Atanız kimi siz də oğlunuzun futbol sahəsinə gəlməyinə mane olacaqsınız?

- Bir qız, bir oğlum var. Amma oğlumun futbol sahəsinə gəlməsini dəstəkləmirəm. Futbolda çox çətinlik görmüşəm və istəmirəm ki, ona çətinlikləri yaşatsınlar... Təhsil alsın və başqa bir sahədə uğur qazansın. Görsəm ki, bu sahəyə meyillidir və bacarıqlıdır, qarşısını da almaram, dəstək olaram.

Atam Azərbaycan milli komandasının qapıçısı olub. Hamı deyirdi ki, Rəşad Əzizli Faiq Əzizlinin oğludur. Oğluma da deyəcəklər ki, Rəşad Əzizlinin oğludur. Belə təzyiqdənsə oğlum təhsil alsın və ayrı sahə ilə məşğul olsun. Qızımın beş yaşı var, oğlum isə beş aylıqdır.

- Kitab oxuyursunuz?

- Poeziyanı sevirəm.

- Hansı musiqini dinləyirsiniz?

- Meyxanaya qulaq asmağı çox sevirəm. Xüsusilə Namiq Qaraçuxurlu, Rəşad Dağlı və rəhmətlik Vüqar Biləcərlinin meyxanalarını dinləyirəm.

- Sizin üçün ən güclü qapıçı kimdir? Özünüzü necə qapıçı hesab edirsiniz?

- Azərbaycanda ən yaxşı qapıçı Kamran Ağayevdir. Şahruddin Məhəmmədəliyev də yaxşı formadadır. Özümü də zəif qapıçı hesab etmirəm və rəqabətə də hazıram.


Müəllif: Rəqsanə Həsənova, Foto: Rüfət Mikayılov