30 İyun 2022 14:07
1 095
12 Punto 14 Punto 16 Punto 18 Punto

ARB televiziyasında "Həmin Zaur" verilişində proqramın aparıcısı Zaur Kamalın Cənubi azərbaycanlı müğənni Afşin Azərini efirdən qovması səs-küyə səbəb olub.

Məsələ ilə bağlı media eksperti, professor Qulu Məhərrəmli Teleqraf.com-a açıqlamasında aparıcının bu hərəkətini analiz edib.

"Zaur Kama bu hərəkətinə görə TV-dən kənarlaşdırıla bilərmi?" sualına Qulu Məhərrəmli belə cavab verib: "Aparıcı bu hərəkətinə görə televiziyadan qovula bilməz, uzaqbaşı danlana bilər. Televiziya öz aparıcısını professional hesab edirsə, onu qorumalıdır. Belə hallara görə aparıcını qovmurlar".

"Bəs bu kimi hallarda televiziya aparıcısı necə cəzalandırıla bilər?" sualına isə cavabda media eksperti deyib ki, aparıcıya töhmət verilməsi mümkündür: "Bu, televiziyanın daxili işidir, ola bilsin, heç töhmət də vermədi. Onunla yaranan problem ətrafında müzakirə apara bilərlər".

Professor aparıcının efirdən qonağı qovması məsələsinə də toxunub: "Televiziyanın rəhbərləri və birinci növbədə o verilişin prodüseri, rejissoru bu işdə məsuliyyət daşıyır. Çünki aparıcı o qərarı təkbaşına emosional şəkildə qəbul edə bilməz. Onun rejissor pultu, redaktor, prodüserlə birbaşa əlaqəsi var".



Müəllif: Rəqsanə Həsənova