5 Avqust 2022 12:36
1 723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Tünzalə Ağayeva “Nərgiz” jurnalına maraqlı açıqlamaları ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Tünzalə Ağayeva bu sözləri deyib:

“Həyatda gözləmədiyimiz və həyatın həmin məqamında yaşadığmız hansısa hadisəni pis və fəlakətli hadisə kimi qəbul edirik. Sonra başa düşürük ki, həyatımızda nə olursa, xeyirliyə doğru olur. Bir hekayə yadıma düşdü. Qəmbər Hüseynli adına Gəncə Musiqi Kollecinin birinci kurs tələbəsi idim, 1993-cü il idi. Bütün Azərbaycan 1992-1993-ci illəri keçməkeşli il kimi və dövlətimizin qurcusu Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi bir dövr kimi xatırlayırıq. Yaxşı ki, bu tarixi yaşamışıq.

Birinci kurs tələbəsi idim, Gəncədə çox qorxulu hadisələr baş verirdi. Demək olar ki, vətəndaş müharibəsi vəziyyəti idi. Müəlliməm Kəmalə xanım bərk-bərk tapşırdı ki, evə get, rəfiqələrinlə heç yerə çıxma. Mən ona söz verdim, amma sözünə baxmadım. Bir-iki rəfiqəm var idi, dərslər bitdi və Gəncədə küçəyə çıxdıq.

Sabir küçəsində gördük ki, bizdən başqa heç kim yoxdu. Bir hərbi maşın və əli silahlı insan bizə yaxınlaşdı və qışqırdı ki, yerə uzanın. Həyacan, qorxu içərisində yerə yıxıldıq. Bir anlıq müəlliməmim sözü qulağımda səsləndi. Hərbi maşındakı şəxs bizə yaxınlaşdı və yerdən qaldırdı, dedi ki, siz bu küçədə nə gəzirsiniz, görmürsünüz vəziyyət nəcədir?

Üç qız şokdaydıq və danışa bilmirdik. O yadımızdadır ki, bizi kafeyə apardılar, orada vəziyyət sakitləşənə qədər gözlədik. Tapşırdılar ki, heç kim bayıra çıxmasın. Görək, vəziyyət necə olur. Yanımdakı qızlar daha pis vəziyyətdə idilər. Mən özümü toparlamağa çalışırdım. İçəridə nə qədər insan var idi. Ana var idi, uşaq baxçasında qalmışdı.

Bu anda Tovuza xəbər çatır ki, Gəncədə vəziyyət qarışıqdır. Valideynlərim Gəncədə yaşadığım evə zəng edirlər ki, mən yoxam. Bir neçə saat mənim axtarışımda olublar. Bir az vəziyyət dəyişəndən sonra insanlar evinə dönə bildi. Evə girəndə yaşadığım evin sahibi danlaq səslə “sən hardasan, hamı neçə saatdır səni axtarır” dedi. Mən də ağalayaraq şok vəziyyətdə idim.

Səhəri gün Tovuza qayıtdım. Atamın sözü o oldu ki, “artıq səni Gəncəyə göndərməyə qorxuram, qiyabi təhsilə keçəcəksən". Mən necə ağlayıram, qorxuram, yalvarıram ki, qiyabi təhsil istəmirəm.

Atam təkrar dedi ki, "qiyabi təhsil alacaqsan, əyani təhsil bitdi. Sən sözə baxmadın, bizi təhlükə qarşısda qoydun. Başına pis hadisə gələ bilərdi. Gülləyə rast gələ, ölə bilərdin”.

Bir müddətdən sonra qiyabi oxumağa başladım. Bundan nə əldə etdim? Müəllimə kimi fəaliyyətə başladım. Çox gözəl şagirdlərim var idi. Müəllimlik fəaliyyəti mənə çox şey öyrətdi.Tovuzda 8 il işlədim. Bu gün konsertlərimdə, səhnədə çox parlaq insanlar yaxınlaşır ki, sizin şagirdiniz olmuşuq.

O vaxt ağlamışdım, bu qərar ilə barışa bilmirdim. Amma dediyim kimi həyatımızda nə olursa, xeyirliyə olur...”


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər