"Natiq" ritm qrupunun rəhbəri, Xalq artisti Natiq Şirinov "Avroviziya-2012" mahnı müsabiqəsində ifa etdiyi çıxışını ermənilərin oğurlamasına münasibət bildirib.
Nağara ifaçısı Teleqraf.com-a açıqlamasında dünyada yaşayan azərbaycanlı zərb musiqi ifaçılarını və ölkəmizdə fəaliyyət göstərən gəncləri nağaradan istifadə etməyə səsləyib:
"Azərbaycan mədəniyyətində balaban kimi nağara da əldən getməsin. Alətlərimizi ermənilər öz adlarına çıxmasınlar. Dövlət səviyyəsində beynəlxalq ritm məktəbi açılmalı və zərb aləti nağara bir məkana yığılmalıdır. Zərb aləti nağaranı bütün dünya görməlidir və nağaranı UNESCO-ya salmalıyıq. Dövlətimiz bizə bütün dəstəyi göstərir.
Bu gün Azərbaycanda musiqiçilər arasında yad zərb alətlərinə meyil çoxalır. Görürsünüz ki, ermənilər nağaraya yiyələnir, biz də yad alətləri qucaqlaya-qucaqlaya öz balamızı yadımızdan çıxarırıq. Azərbaycanda başqa alətlərə meyl çoxalıb.
Bizim dilimiz Azərbaycan dilidir. Ritmimizin dili isə nağaradır. Əgər bir xalqın zərb aləti əldən gedirsə, deməli, mədəniyyəti əldən gedir. Sabah bədnam qonşularımız deyəcəklər ki, onlar bizim zərb alətlətimizdə ifa ediblər və bütün musiqiləri də bizimdir. Bu, çox ciddi məsələdir".