9 Sentyabr 2022 14:43
1 127
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya Kraliçası ll Elizabeta ilə görüşən əməkdar artist Nicat Kazımov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Nicat bəy, Böyük Britaniya Kraliçası II Elizabeta ötən gün 96 yaşında dünyasını dəyişib. “Vindzor Kral Atçılıq Şou"sunda (“Royal Windsor Horse Show”) iştirak edən zaman sizin kraliça ilə görüşünüz olub. Böyük Britaniya Kraliçası ilə bağlı görüşlərinizdən danışmağınızı istərdik.

- Yəqin Azərbaycanda çox az sayda insanlardanam ki, kraliça ll Elizabeta ilə görüşmüşəm. Düzü, dünən kraliçanın ölüm xəbərini eşidəndə mənə çox pis təsir elədi. 2018-ci ildə ilk dəfə "Vindzor Kral Atçılıq Şou"su heyətinin çıxışını mən qurmuşdum. Həmin çıxışda ll Elizabeta dörd dəfə gəlib təkrar şoumuza baxmışdı. Buna görə ingilislər şokda idilər.

Adətən, kraliça təkrar heç nəyə baxmır. Onun eyni şouya dörd dəfə tamaşa eləməsi hamını heyrətə salmışdı. O zaman təsadüfən kraliça ilə rastlaşdıq və səmimi dialoqumuz baş tutdu. ll Elizabeta bizə öz xoş sözlərini bildirdi. O vaxt kraliça demişdi ki, "Azərbaycanı günbəgün daha çox sevirəm". Eləcə də şounu çox bəyəndiyini qeyd etmişdi.

2019-2021 və bu ilin mayında Böyük Britaniyada olarkən kraliça ilə ünsiyyət saxlamasam da, yaxın məsafədə olmuşam. Kraliçanı bütün İngiltərə sevirdi. Orada olmaq kifayət idi ki, bunu hiss edəsən.

- İngilislər kraliça haqqında nə deyirdilər?

- Qeyd etdiyim kimi, II Elizabetaya sevgiləri böyükdür. Kraliça çox sadə idi və insanların arasında olurdu, sərbəst gəzirdi, mühafizəçiləri görsənmirdilər. Bizə yaxınlaşması bunun bariz nümunəsidir. Özü avtomobil və at sürürdü.

- Kraliçaya prezident İlham Əliyevin hədiyyəsi - “Şöhrət” adlı Qarabağ atı təqdim olunub...

- Bəli, kraliçaya Qarabağ atı hədiyyə edildi və o, hədiyyəsini öz qəsrində qəbul etdi. Ümumiyyətlə, ll Elizabetanın Azərbaycanla bağlı dostcasına müsbət fikirləri var idi. O, öz qəsrinə hər kəsi dəvət etmir. Azərbaycan nümayəndələrini öz qəsində qəbul etməsi onun bizə münasibətinin göstəricisi sayıla bilər.

- Britaniya Kraliçasının sərt xarakterə malik olduğu qeyd edilir...

- Kraliça ətrafdan çox ciddi insan təsiri bağışlayırdı, amma ciddiliklə yanaşı mehriban idi. Deməli, 2018-ci ildə biz ilk çıxışımızı etdik və görürdüm ki, ingilislər saniyə ilə işləyirlər. İkinci çıxışımızda bizi 15 dəqiqə gecikdirdilər. Meydan boş idi və bu qədər boşluq çox böyük vaxt idi. Marşaldan soruşdum ki, niyə bizim çıxışımız gecikir? Sadəcə bildirdilər ki, gözləyin.

Bir də gördüm, kraliça yanımızdan keçib, öz taxtında əyləşdi. Başında yaylığı var idi, yaylığını açdı və işarə verdi. O anda marşal əlavə etdi ki, şouya başlayın. Deməli, ll Elizabeta zəng edib ki, Azərbaycan heyətini gözlədin, mən şouya baxmağa gəlirəm.

Kraliçanın ölümünə çox kədərləndim. Mən kraliça ilə görüşəndən sonra hətta uşaqlar deyirdilər ki, əlini yuma. Şounun məşqlərindəkraliçanın taxtı olan məkandan baxırdım ki, görək necə görünəcək...


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər