Dünyacan məşhur tok-şou aparıcısı Oprah Uinfri İranda əxlaq polisi tərəfindən döyülərək öldürülən 22 yaşlı Məhsa Əmini haqda paylaşım edib.
Teleqraf.com xəbər verir ki, Oprah Uinfri İnstaqram hesabında paylaşım edərək iranlı qadınları dəstəklədiyini bildirib:
"Bir anlıq İranda həyatı uğrunda mübarizə aparan cəsur qadınları tanımaq istədim. Sentyabrın 16-da Məhsa Əmini baş örtüyünü açıq bağladığı iddiası ilə həbs edildikdən sonra polis nəzarətində olarkən dünyasını dəyişib. Onun cəmi 22 yaşı var idi.
O vaxtdan İranda və bütün dünyada etirazçılar onun ölümünə görə ədalət tələb edir. Bu qadınlar və onların tərəfdarları küçələrə axışır, saçlarını kəsdirir, baş yaylıqlarını yandırır və Məhsanin adını unutmayacağımıza əmin olurlar.
Onlar həbs olunub, hətta qəddarlıqla öldürülüblər. Öz hüquqlarını və azadlıqlarını müdafiə etmək üçün təkcə işlərini deyil, həyatlarını da qurban verirlər. Onların dözümlülüyü məni çox ruhlandırır. Mən bu qadınları alqışlayıram. Məhsa Əmini və ifadə azadlığı uğrunda mübarizədə həyatını itirmiş bütün etirazçıların adından danışırıq".