Türkiyəli məşhur aktyor Mert Kılıç və həyat yodaşı, aktrisa Aslıhan Günər Bakıda "Cinema Plus"da "Komandir" filminin qala gecəsində iştirak ediblər.
Aslıhan Güner Teleqraf.com-a açıqlamasında Azərbaycana ilk dəfə gəldiyini deyib:
"Bakıya ilk dəfə gəlirəm, şəhəri çox bəyəndim. Vaxtım olduğu qədər Bakını gəzməyə çalışdım. Mert Azərbaycana əvvəl gəlib, mənə bura haqda məlumat vermişdi".
Aktrisa "Komandir" filmindən də söz açıb: "Film çox keyfiyyətlidir və peşəkar komanda tərəfindən ərsəyə gəlib. Ekran əsərinin musiqisi, aksion və həqiqətləri ilə bütün insanların diqqətini çəkəcəyini düşünürük. Bütün Azərbaycan xalqını kinoteatrlara dəvət edirik. Fikirlərini söyləsələr və sosial şəbəkədən şərh bildirsələr, çox xoşbəxt olaram".
Filmin baş rol qəhrəmanı aktyor Mert Kılıç isə ekran əsərinin süjet xəttindən danışıb: "Filmin əsas süjet xətti xilas əməliyyatıdı. Dünya kinosunda bu mövzuda film çəkilib-çəkilmədiyini bilmirəm, mən şəxsən qarşılaşmamışam. Filmi dörd nəfərlik bir komandanın hekayəsindən bəhs edir. Biz həmin əraziyə şəhidlərimizin nəşini çıxarmağa gedirik. Mənim söylədiklərim Azərbaycan və Türkiyə silahlı qüvvələri üçün keçərlidir. Əsas fikir odur ki, əməliyyat və müharibə bölgəsində vəziyyətdən asılı olmayaraq ordunun bir əsgəri şəhid olsa, onun nəşi bir yana, ayaqqabısını belə orada qoymarıq. Bu ideaya fokslanmış bir layihədir. Filmdə bunu anlatmağa çalışdıq".
"Qarabağ müharibəsindən bəhs edən ortaq bir layihə düşünürsünüzümü?" sualına isə aktyor belə cavab verib: "Qarabağ müharibəsində türkün gücünü bütün dünyaya göstərdik. İndi müharibədə yaşanan həqiqətləri kino sahəsinə gətirməliyik. Bunun üçün əlimdən gələni etməyə hazıram. Bu kimi layihələrdə həqiqətləri göstərmək üçün mütləq dövlətdən dəstək lazımdır. Bu filmi çəkərkən bizə Türkiyə Daxili İşlər Nazirliyi və Türkiyə Jandarma Baş Komandanlığı icazə verdi. Hadisələri real təqdim etməyə çalıdıq".
Qeyd edək ki, "Kılıç Yapım" istehsalı olan “Komandir” filminin rejissorları Selahettin Sancaklı və Mert Kılıçdır. Film döyüş, dram və triller janrındadır.
Ekran əsərinin Bakı Yunus Əmrə İnstitutunun dəstəyi ilə Bakıda təqdim olunub.