Bakıda Heydər Əliyev Sarayında "Qardaşlıq Dastanı" teatral rəqsi nümayiş olunacaq.
Bu haqda Teleqraf.com-a Yunus Əmrə İnstitunun Bakı nümayəndələyinin rəhbəri Selçuk Karakılıç məlumat verib:
"Teatral rəqsin nümayişi Bakıda Yunus Əmrə İnstitutunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq. "Qardaşlıq Dastanı" yalnız Azərbaycanda deyil, bir çox ölkələrdə nümayiş ediləcək. Nuh tufanından başlayaraq Azərbaycanın Qarabağ zəfərindən bəhs edəcək.
"Qardaşlıq Dastanı” layihəsi 2 pərdə, 12 səhnədən ibarətdir. Layihə dekabrın 17-18-də Gəncə Dövlət Filarmoniyasında, dekabrın 20-21-22-də isə Bakıda Heydər Əliyev Sarayında baş tutacaq".
Umya Az MMC-nin (Umya Medya-Türkiyə) rəhbəri, "Qardaşlıq Dastanı" layihəsinin təşkilatçısı Valeh Əlizadə deyib ki, layihə ilk dəfə Azərbaycanda nümayiş ediləcək: "Qardaşlıq Dastanı" layihəsinin Türkiyənin böyük şəhərlərində səhnədə çıxışı olub. Layihəni dünya xalqlarının tanımasını planlaşdırırıq və buna Azərbaycandan başlayırıq. Hekayəni Qarabağ zəfəri ilə bağlayacağıq. Komandamızda 100-dən çox rəqqas və teatr aktyoru iştirak edir".