18 Noyabr 2022 09:23
1 340
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur müğənni Zamiq Hüseynov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Zamiq bəy, sənətdən uzaqlaşmaq fikriniz olsa, hansı sahədə fəaliyyət göstərərsiniz?

- Sənətdən uzaqlaşsam dizayn və bizneslə məşğul olaram. Tamamilə musiqisiz qalmaq olmaz. Sənətdən uzaqlaşan zaman musiqi ilə məşğul olursan, amma tədbirlərə getmirsən, az məkanlarda çıxış edirsən. Təbii ki, musiqisiz qalmağı düşünmürəm.

- Sənətdən getdikdən sonra iş adamı olmağı düşünürsünüz?

- İş adamı yox, amma hansısa sahədən gəlirim olmalıdır ki, onunla həyat tərzimi təmin edə bilim.

- Ətrafdan özünüzdən razı görsənirsiniz, qlamur həyat tərzi yaşayırsınız?

- Sadə insanam və sadə həyat yaşayıram. Ətrafdan həyat tərzim bəzi insanlar üçün qalmur, bəzi insanlar üçün isə çox adi görünə bilər. Söhbət mənim həyatımdan gedirsə, ən doğrusunu özüm biliurəm.

- Siyasətlə maraqlanırsınız? Ümumiyyətlə, gələcəkdə millət vəkili omaq fikriniz varmı?

- Xeyr, siyasətlə maraqalanmıram. Mənim siyasətim ancaq musiqi sahəsi və oxumaqdır. Ümumiyyətlə, siyasətə getmək fikrim yoxdur.

- Sizi televiziyalarda çox az görürük, bunun səbəbi nədir?

- Özümü televiziyada çox görməyi sevmirəm.

- Verilişləri necə dəyərləndirirsiniz?

- Televiziyalarda da bəyənmədiyim hallar çoxdur. Çox az verilişlər var ki, musiqidən bəhs edir. Sənətimə aid proqramlara gedə bilərəm, çünki mənə görə həmin veriliş və aparıcısı yaxşıdır. Sənətdən bəhs etməyən verilişə getməkdənsə evdə oturub klip çəkim, klipimə baxım.

- Şou-biznesdə səmimi dostluq münasibəti varmı?

- Şou-biznes aləmində səmimi dostluq münasibəti çox azdır, iki-üç faiz.

- Sizi daha çox xalq artisti Röya Ayxan və müğənni Sevda Yahyayeva ilə bir arada görürük.

- Bəli, dostlarımın sırasında Röya Ayxan, Sevda Yahyayeva ilə yanaşı bir çox müğənnilər də var.

- Ümumiyyətlə, kədərli anlarınızda Röya Ayxana, yoxsa Sevda Yahyayevaya müraciət edirsiniz?

- Heç vaxt kədərli anımda kiməsə müraciət etmirəm. Ümumiyyətlə, xaraktercə qapalı insanam. Ağrı-acını heç kimə bildirmirəm, vəziyyətdən tək çıxmağa çalışıram.

- Dost kimi daha çox Röya Ayxana, yoxsa Sevda Yahyayevaya güvənirsiniz?

- Hər ikisi mənim dostumdur, dediyim kimi sənətdə başqa dostlarım da var. Onlara qadın kimi güvənirəm, xanımdırlar, dostumdurlar. Mənim şəhərdə avtomobilimdə benzinim qurtaranda deyə bilmərəm ki, qızlar, durun gəlin. Qadın kimi Röyaya və Sevdaya böyük hörmətim var. Hamısına da dostluq güvənim sonsuzdur.

Xanım sənətçilər sırasına xalq artləri Tünzalə Ağayevanı, Brilliant Dadaşovanı da əlavə edə bilərik. Biz hətta həftədə bir dəfə, on gündən bir süfrə arxasında görüşürük, bunu heç kim bilmir. Yemək yeyirik, dərdləşirik.

- Hazırda Röya Ayxanla küsülüsüz?

- Röya Ayxanla münasibətim yaxşıdır. Ümumiyyətlə, Röya Ayxan, Brilliant Dadaşova və bir neçə sənətçilər mənim sevdiyim dostlarımdır. Heç zaman Röya ilə münasibətim korlanmayıb.

- Həmkarınız Abbas Bağırovla da bir müddət küsülü oldunuz. Hazırda münasibətiniz necədir?

- Münasibətim yaxşıdır. Əlbəttə, onunla barışmışıq. Biz bir-iki il küsülü olduq. Heç vaxt bir-birimizə hörmətsizlik etməmişik. Mən Abbasla uşaqlıq dostuyam. Bir-birimizi bağışlayırıq, barışırıq. Sadəcə insanıq və aramızda narahatçılıq oldu.

- Oğlunuz Zeyn üçün necə atasınız?

- Hələ ki, Zeyn uşaqdır, ondan nə tələb edim? Amma çox xarakterli və duyğusaldır. Hər şeydən mənim kimi tez küsür. Çalışıram ki, onun istədiyinin 50 faizini edim, Zeyni çox sadə ailənin uşağı kimi böyüdüm. İstəkləri böyük olmasın ki, gələcəkdə həyatda rahat yaşaya bilsin. Ona görə də çalışdığım qədər düzgün, normal böyütməyə çalışıram.

- Qız atası olmaq istərsiniz?

- Allah verənə şükür olsun, amma hər zaman oğlanpərəst olmuşam.

- Pandemiyada bəzi çətinliklər yaşadığınızı qeyd etdiniz. O zaman hansısa həmkarınıza müraciət etdinizmi?

- Xeyr, o dərəcədə çətinliyim olmayıb ki, kiməsə müraciət edim. Çətinliyim olsa belə, heç vaxt heç kimə müraciət etmirəm. Heç ən yaxın dostuma belə deməmişəm ki, mənim çətinliyim var, kömək et.

- Pandemiya sizə tədbirli olmağı öyrətdi?

- Pandemiya mənə tədbirli olmağı öyrətdi və pandemiyadan əvvəl də mən bunu öyrənmişdim. Pandemiyada yaşadıqlarımızı çox yaşamışıq.

- Gələcək üçün pul yığırsınız?

- Əlbəttə... Hətta ətrafımda olan insalara da deyirəm ki, pul qazananda sabahı da fikirləşin. Ailəmiz, uşaqlarımız var. Təbii ki, bunları nəzərə alıb sabahımı fikirləşən insanam. Ailə üzvlərimə də dəstək oluram.

- Özünüzü şou-biznesin ən xarizmatik müğənnisi hesab edirsiniz?

- Hardasa bəli...

- Bahalı həyat tərzi yaşayırsınız? İdarə etdiyiniz avtomobilinizin qiyməti yüksəkdir.

- Kiminsə üçün avtomobilim bahalı, kimin üçünsə isə sürücü maşınıdır. Bu, normal haldır. Həyat tərzim də həmçinin, fəqrli insanlara fərqli təsir bağışlaya bilər. Amma mən özüm yaşadığım həyat tərzindən razıyam, hər şey çox yaxşıdır.

Heç vaxt olduğum yerdən narazılıq etməmişəm. Kaş belə olaydı, burada olmalı deyiləm və sair kimi düşünməmişəm. Bu kimi fikirlərlə yaşayan insan deyiləm. Necə varsa eləyəm. Hansı həyatda yaşayıramsa, o məni qane edir.


Müəllif: Rəqsanə Həsənova, Foto: Elmin Zahidzadə

Oxşar xəbərlər