Aparıcı-bəstəkar Murad Arif MTV Azərbaycan televiziyasında yayımlanan "Düzünə qalsa" verilişində ailəsi haqqında etirafı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Murad Arif bu sözləri deyib: "Evdə iki ağıllı, kamil insanın yaratdığı demokratik ab-hava olmalıdır. Ən əsası valideynlər övladın yanında bir-birini təkzib etməməlidirlər. Tərəddüd və iradlar varsa, kənara çəkilib deyilməlidir ki, sən bu sözü düz demədin. Münasibətlərdə bərabərhüquqlu olmağın tərəfdarıyam. Kişi tez-tez yumruğunu vurub özünü xatırlatmalı deyil. Niyə? Məgər bu qədər biçarə, zəifdirmi? Məgər, evdə onun qayğısına qalmırlar? Kişi sevilirsə, yumruğa ehtiyac varmı və ya tam əksinə! Münasibətdə sevgi, hörmət, qayğı önəmlidir. Hər şeyi paylaşmaq olar!
Kasıb, ziyalı, müəllim ailəsində doğulmuşam. Təsəvvür edin, maaşa baxan ziyalı valideynlər 3 uşaq oxudur. Pulu-pula calamaq, yarı ac, yarı tox olmaq, nəyisə tapıb geyinmək və geyinməmək var. Yırtıq ayaqqabı, soyuq havalarda nazik geyinməyin nə olduğunu bilirəm, Bakıdakı xalaoğlanların şalvar, gödəkçəsini geyinməyin nə olduğunu da bilirəm. Məni sınmamağa, əyilməməyə, arzularımın arxasınca getməyə vadar edən cəhət xəyalpərəst olmağım idi!"
Murad Arif insanın özünə dəyərindən də danışıb: "İnsan öz qədrini, dəyərini bilməlidir. Bir gün deyəcəksən ki, mən sizinlə havayı çalışmıram. Bütün artistlər, sənətçilər kimi məndə də eqo var. Qədərini aşıram? Onu bilmirəm! Şöhrət ən böyük sınaqdır. İnsan şöhrətli olub, evinin içini unudur, ailəsinə soyuyur, onu tanıyan insanlara laqeyd olmağa başlayır. Unudur ki, dünən sən kim idin! Elə bilir, doğulandan belə idi. Şöhrət insanı həyat yolundan yayındıran sınaqdır".