Oskarlı aktyor Kevin Speysi ilə fotosunu paylaşan Burak Özçivit tənqid olunub.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Burak Adelali Binəlinin dəvəti ilə getdiyi Qətərdə Kevin Speysi ilə görüşüb. Həmin görüşdən fotoları sosial media hesabından paylaşıb.
Cinsi zorakılığa görə mühakimə olunan Speysi ilə çəkilən fotolar qısa müddətdə sosial mediada gündəm olub, istifadəçilərin çoxu isə aktyoru tənqid edib.
Qeyd edək ki, Kevin Speysi 2017-ci ildə Harvi Vaynşteyn qalmaqalının ortaya çıxmasından sonra Hollivudda təcavüzdə ittiham olunan ilk aktyorlardan biri idi.
63 yaşlı amerikalı aktyor 2016-cı ildə ABŞ-ın Massaçusets ştatındakı barda 18 yaşlı oğlana təcavüz etdiyi iddiası ilə 2019-cu ildə ittiham olunub. Şikayətçi itirilmiş mobil telefonla bağlı ifadə verməkdən imtina etdikdən sonra işə xitam verilib.
Daha sonra aktyor Entoni Rapp (48) və C.D. Speysini məhkəməyə verib. Rapp iddia edib ki, 1986-cı ildə 15 yaşında ikən getdiyi məclisdə Speysi onu yatağa sürükləyib və cinsi təcavüz edib.
C.D. isə 14 yaşındaykən aktyorluq məktəbinə getdiyi illərdə Speysi öz evində ona cinsi təcavüz etdiyini bildirib.
Hər iki aktyor cinsi təcavüzün onları psixoloji cəhətdən zədələdiyini iddia edib.
Speysi iddialara səbəb olan hadisələri xatırlamadığını söyləyərək, “uyğun olmayan davranışına” görə üzr istəyib. Daha sonra həyatına homoseksual olaraq davam edəcəyini açıqlayıb, amma bu dəfə də aktyor davranışını cinsi kimliyi ilə əlaqələndirdiyi üçün tənqid atəşinə tutulub.
Baş verən bu hadisələrdən sonra Speysi uzun müddətdir ki, heç bir böyük layihədə iştirak edə bilməyib.