“Ulduz olmaq üçün xüsusi proqram var”
“Kim deyirsə ki, bizdə şou-biznes yoxdur, yalandır. Bizim şou-biznesdə ulduz olmaq istəyənlər üçün proqram var: filan bəstəkara pul verib keyfiyyətli mahnı alacaqsan, filan radio, televiziyaya çıxacaqsan, filan jurnalın üz qabığının siması olacaqsan. Yəni siravi insanın ulduz olması üçün bu proqramdan istifadə edilir. Amma şou-biznesdə tənzimlənmiş qaydada hər kəsin hüquqlarının qorunduğu bir mühit yoxdur bizdə”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında bəstəkar Gövhər Həsənzadə deyib. Bəstəkar Türkiyədə səslənən mahnılarından danışıb və bildirib ki, bununla qonşu ölkənin şou-biznesinə iddialı deyil: “Türkiyənin sənət biznesinə qatılmaq üçün orada yaşayıb yaratmaq və onların dinləyicilərinin bəyəndiyi mahnılar yazmaq lazımdır. Mən elə mahnılar yazmıram, yazmaq da istəmirəm. Bu öz adıma deyə biləcəklərimdir. O ki, qaldı sənətçilərimizə. Əzizə Mustafazadə dünyada caz musiqisinin tanınmış simasıdır. O Azərbaycandan kənarda Avropa şou-biznesinin içində fəaliyyət göstərir və bura qastrol səfəri zamanı gəlir. Bax, bu Avropa sənət dünyasında olmaq, fəaliyyət göstərmək deməkdir. Amma nə Aygün xanım, nə Brilliant xanım, nə Röya Azərbaycan sənətçisi adını, dinləyicisini atıb Türkiyə şou-biznesinə qoşulmaq mövqeyində olmayıblar. Sadəcə yaradıcılıqlarını orada da istifadə ediblər. Bunu tez-tez səhv salırlar və sonra belə yanlış fikirlər yaranır:
“Aygün xanım getdi heç nə edə bilmədi”, “Brilliant xanım neçə illərdir ordadır, amma tanına bilmir” və s. Bu çox səhv mövqedir. Bildiyimə görə, Yeganə və İradə İbrahimova da Türkiyə sənətçisi olmaq istəməyiblər. Sadəcə anlamaq lazımdır ki, onlar Türkiyədə Azərbaycan tamaşaçısı üçün bəzi məhsulları hazırlayıblar və bizim sənətimizi ora daşıyıblar. Mən həqiqətən inanmıram ki, Azərbaycanın hər hansı ifaçısı hansısa ölkəyə gedib həmin ölkənin sənətçisi olmaq arzusundadır. Bizim sənətçilər dünyaya Azərbaycan sənətini daşıya-daşıya öz imzalarını tanıdırlar. Bu çox gözəl xüsusiyyətdir və bununla fəxr etməyə dəyər”.
Nərmin