22 Dekabr 2014 11:39
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Heydər Əliyev Mərkəzində Gürcüstanın Xalq Artisti, görkəmli kino aktyoru və müğənni Vaxtanq Kikabidzenin solo konserti keçirilib.

Teleqraf.com-un Heydər Əliyev Mərkəzinə istinadən verdiyi xəbərə görə, konsertin əvvəlində Bakının gözəlliyindən söz açan ifaçı bakılı tamaşaçılar qarşısında çıxışdan qürur duyduğunu bildirib.

V. Kikabidzenin Bakı tamaşaçılarına təqdim etdiyi repertuarda onun məşhur “Mənim illərim - mənim sərvətim”, “Mimino” filmindəki mahnıları da vardı. Heydər Əliyev Mərkəzinin səhnəsində ikinci dəfə çıxış etdiyini vurğulayan sənətkar bu ilin yanvarında həmin səhnədə təqdim olunan “Vera məhəlləsinin musiqiləri” müziklinin əsas mahnısını yenidən ifa edib.

Canlı əfsanə səhnəni tanınmış gürcü müğənnisi Liza Baqrationi ilə bölüşüb. İlk dəfə Bakıda olan ifaçı buradakı gözəlliyə və xeyirxahlığa valeh olduğunu bildirib. O, tamaşaçılara iki mahnı təqdim edib.

Konsertin sonunda tamaşaçı alqışları ilə bir neçə dəfə səhnəyə qayıdan V.Kikabidze proqramı Azərbaycan xalq mahnısı “Bəri bax”ın da daxil edildiyi “Qafqaz popurisi” ilə sona çatdırıb. O, bakılıları qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik edib, sevgi və səadət arzulayib.

V.Kikabidze konsertdən öncə jurnalistlərə müsahibə verib və Bakını çox sevdiyini bildirib:

“Mən həmişə çıxışlarımda demişəm ki, iki şəhərdə məmnuniyyətlə yaşayaram-onlardan biri Tbilisi, digəri Bakıdır. Mən bu şəhəri sevirəm və özümü burada çox yaxşı hiss edirəm. Burada mənim çoxlu dostlarım var və tez-tez bir-birimizə qonaq gedirik”.

İlk dəfə Bakıya 40-50 il əvvəl gəldiyini söyləyən sənətkar son illər bu şəhərin çox gözəl və möhtəşəm olduğunu bildirib:

“Mən unikal Heydər Əliyev Mərkəzinin səhnəsində ikinci dəfədir çıxış edirəm və tamaşaçılara isti qəbul, sevgi və hörmətə görə minnətdarlığımı bildirirəm. Bu heyrətamiz bina məni yalnız memarlığı ilə deyil, həm də artistin uğurlu çıxışı üçün vacib əhəmiyyət daşıyan xoş aurası ilə valeh edib”.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər