23 Dekabr 2014 20:59
4 944
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Aygün Kazımova bir aydır sanki qeybə çəkilib. Müğənni hətta bir aydır aktiv olduğu “İnstaqram” sosial şəbəkəsində şəkil belə paylaşmır. Əldə etdiyimiz məlumata görə, Türkiyədə olan xalq artisti bu səssizliyi möhtəşəm bir layihə ilə aradan qaldıracaq... Onu gözləmək qalır.

Tabloid.az Aygün sevərlər üçün maraqlı bir araşdırmanı təqdim edir. Xalq artisti bu ilə necə yekun vurur?

Yanvarın ilk həftəsini Aygün Kazımova Gəncədə Türkiyəli həmkarı Fərhat Göçərlə konsert verməklə başladı. Bunun ardınca müğənninin ən yaddaqalan tədbiri onun doğum günü oldu. Hər zaman fərqli, təmtəraqlı ad gün məclisləri qeyd edən Kazımova bu dəfə də ənənəsinə sadiq qaldı. O, ad günündə maskarad şousu təşkil etdi.

Fevral ayında Aygün Kazımova müğənni Ramal İsrafilovla arasında yaşanan qalmaqal ilə yadda qaldı. Xalq artisti “Biletini alma” mahnısını gənc bəstəkar Ramaldan xəbərsiz Türkiyədə lentə aldırması Ramalı özündən çıxardıb. Hər iki tərəf bir-birinin ünvanını daşladıqdan sonra, Ramal bibisi Mələkxanım Əyyubova ilə efirə çıxaraq Aygün Kazımovadan üzr istədi. Tərəflər sonradan el şənliklərinin birində barışıb.

Mart ayına isə müğənni “Səndən adam olmayacaq” adlı qalmaqallı mahnısı ilə start verdi. Mahnını müğənni konkret olaraq kimin ünvanına oxuduğunu deməsə də, bəzi eyhamlar vurdu. Ardınca müğənni ticarət mərkəzlərindən birində mini konsert proqramı ilə çıxış edib. Mart ayı həmçinin Kazımovanın küsülü olduğu Abbas Bağırovla barışması ilə də yadda qalıb.

Aprel ayı ən isti ay olmasa da, Kazımovanın bu ay etdiyi qalmaqal şou aləmini yandırıb yaxdı. O, həmkarı Natavan Həbibini ağ yuyub qara sərdi. Təhqir olunmuş Natavan haqqında yazmayan sayt, danışmayan veriliş qalmadı. Bu qalmaqal ilin sonu olmasına baxmayaraq, hələ də müzakirə olunur. Amma Kazımova bu ay barışığa da vaxt tapdı. Fevralda küsdüyü Ramal İsrafilovla müğənni məhz bu ay barışdı. Bu ay müğənni həmçinin türkiyəli həmkarı Mustafa Ceceli ilə iş birliyinə də start verib.

May ayı müğənni həmkarı Natavan tərəfindən məhkəməyə verilib. Daha sonra müğənni səs tellərini sığortalaması və hələ də həyat yoldaşından rəsmən ayrılmadığı xəbərlərlə gündəmi üzərinə çəkməyi bacardı. Müğənni Türkiyənin “Hürriyet” qəzetinə verdiyi müsahibə ilə iki ölkə mediasında ən çox oxunan və müzakirə olunan adama çevrildi. Xalq artisti müsahibəsində sənətə gəldiyindən bədəninin müxtəlif yerlərində etdirdiyi plastik əməliyyatlardan danışıb.

İyun və iyul aylarını müğənni demək olar ki, Türkiyədə keçirib. Hovuzda çimərkən video görüntülərini sosial şəbəkədə paylaşan Kazımova yenə diqqət mərkəzində olub.

Yayın son ayında isə Aygün Kazımova Natavanı təhqir etdiyi üçün, ikincinin ərizəsi ilə polis idarəsinə çağrılıb. Lakin buna baxmayaraq, xalq artisti Nabranda yayın ən möhtəşəm konsertini öz adına yazmağı bacarıb.

Yerli şou biznes üçün sentyabrın əsas hadisəsi Aygün Kazımovanın adı ilə bağlandı. İllər sonra müğənninin məmur oğluna ərə getməsi xəbəri əməlli başlı şok effekti yaratdı. Müğənni ardıcıl olaraq sevgilisinə 2 mahnı həsr etdi. Lakin üstündən bir neçə gün keçmiş cütlüyün ayrılıq xəbəri yayıldı. Sentyabr ayında məhkəmənin qərarına əsasən Aygün Kazımova Natavan Həbibidən üzr istəməsi barədə qərar çıxardı. Müğənni apelyasiya məhkəməsinə müraciət edib və hələ ki, məhkəmə məsələni məhkəmə araşdırır.

Oktyabr ayı Kazımova şər və böhtan xəbəri ilə medianın diqqətində oldu. Jurnalist səhlənkarlığının qurbanına çevrilən Kazımova evində əxlaqsızlıq yuvası açması xəbəri həftələrlə müzakirə olundu. Sonda yalan xəbərə görə müğənnidən üzr istənildi.

Noyabr ayında müğənni bədənini göstərərək arıq şəkilləri ilə diqqət çəkməyi bacarıb. Bundan başqa o, Altay Çetinə aid “Arama beni” mahnının anonsu ilə mediaya səs saldı. Amma hələ də reklam olunan mahnını eşidən olmadı.

Son bir aydır Aygün Kazımova ümumiyyətlə mediadan yan qaçır. Tabloid.az-ın məlumatına müğənni misli görünməyən layihə ilə çıxış edəcək. Və yeni ildə həm xarici görünüşü, həm də yeni layihəsi ilə gələn ilə damğasını qoyacaq.


Müəllif:

Oxşar xəbərlər