22 Yanvar 2023 08:50
7 411
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dörd sutka ərzində o qədər nalayiq sözlər, lazımsız cümlələr, söyüşlər eşitdim, qərara gəldim ki, bu gün son sözümü deməliyəm. Deməliyəm ki, bu söz-söhbət bitsin".

Teleqraf.com xəbər verir ki, bu sözləri son günlər adı qalmaqalda hallanan Bəhram Bağırzadə Həmid Həmidovun "Gəlin danışaq" Yutub verilişində deyib.

O narahatlığını belə dilə gətirib:

"Mən çox naraharam. Özümə görə yox. Kubinkada böyüyən insanam. Həyatın hər üzünü görmüşəm. İki il bundan öncə komada olan adamam. Allah məni bu dünyaya qaytardı. Həmişə Allahla yaşamışam. Bundan sonra da heç kimdən qorxmuram. Amma öz övladlarıma, gənclərimizə görə narahatam. Övladlarımın xaricə köçməsini istəmirəm. İstəyirəm ki, övladlarım bu məmləkətdə yaşasın.

Çox xoşbəxtəm ki, bu mühitdə yaşayıram. Bu dəyişiklik proseslərində özüm də iştirak edirəm. Bu mənə ləzzət edir. Amma gələcəkdə istəməzdim ki, övladlarım xaricdə yaşasınlar. Ata kimi arzulayıram ki, ürəkləri istəyəndə gəlib atalarının qəbrini ziyarət etsinlər. Ona görə mən bu gün gələcək nəsil üçün çox narahatam. Ki, onlar bu cəmiyyətdə yaşayacaqlar. O cəmiyyətdə ki, vandallar, gələcəyin terroristləri var.

Bu günkü kütlə, düşünmədən və yaxud düşünürək 1961-ci ildə tikilmiş "Mirvari" kafesinə 50-60 nəfər çıxıb atəş-fəşanlığa baxırsa...Halbuki bu ağırlığa o tab gətirə bilməz və çökər. Təsəvvür edin ki, dekabrın 31-ci bu cahilliyə görə nə qədər insan məhv ola bilərdi.

O insan ki, Cənab Prezident İlham Əliyev Hacı Zeynalabdin Tağıyevin heykəlini açandan sonra və üzərindən 7-8 saat keçir, gəlib onun təsbehini qırır. Əgər o təsbehi qırıb evə aparıb, satsaydı, o adamı başa düşərdim. Başa düşərdim ki, aclığından bunu edir. Amma vandal kimi onu sındırıb, atmaq və çıxıb getmək, bu, anormallıqdır. Yaxud Üzeyir Hacıbəyovun heykəlinə qaloş atmaq, onu təhqir etmək...Bu insanlar əgər bu işləri bu gün görürsə və biz onların tərbiyəsi ilə məşğul olmasaq bu, böyük faciəyə gətirib çıxara bilər. Bu gün bu heykəlləri dağıdan vandallar bir neçə ildən sonra digər heykəlləri də dağıdacaq".

Bağırzadə hesab edir ki, beş il öncəki videonun gündəmə gəlməsi kimlərsə tərəfindən məqsədli təşkil olunub:

"Bu kiməsə lazım idi. Bunu edənləri tanıyıram. Bu təxribat idi. Əvvəldə qalmaqallarım olub. Sanki özümə söz vermişəm ki, hər beş ildən bir belə qalmaqallara düşüm".


Müəllif: Pərvin Cəfərova