24 Yanvar 2023 17:46
2 778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prodüser Tarix Əliyev (Tolik) MTV Azərbaycan kanalında aparıcılıq etdiyi "Ümid ilə gəl" verilişində sponsor paketinin 5 min manatdan yüksək olması haqda yayılan xəbərə münasibət bildirib.

Prodüser Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: "Televiziyanın reklam şöbəsi var. Orada bütün qiymətlər qeyd edilib. Kanalın vergisi ödənilir. Verilişimin 7 sponsoru var. Düzü, bu haqda danışmaq və sonra qınaq obyekti olmaq istəmirəm".

Prodüser onu da deyib ki, sponsor paketini o müəyyən etmir: "Bu haqda səhv məlumat veriblər. Çünki MTV-də prodakşın verilişi aparmıram. Özümdən necə qiymət təyin edə bilərəm?! Mən yalnız öz İnstaqram səhifəmə qiymət deyə bilərəm".

Qeyd edək ki, Medicina.az saytında ATV telekanalında Zaur Baxşəliyevin aparıcılığı ilə yayımlanan "Bizimləsən" proqramında sponsor paketinin 16-18 min manat, həmin kanalın "Nanəli" proqramında həkimlərin reklamının ƏDV xaric 9-12 min manata başa gəldiyi vurğulanıb. ARB kanalında yayımlanan Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi “Səni axtarıram” verilişində isə sponsor qiymətinin 17-20 min manat olduğu iddia edilib. "Elgizlə izlə" verilişində reklam paketi 8-9 min AZN-ə başa gəlir. Tarix Əliyevin "Ümid ilə gəl" verilişində isə sponsor paketlərinin 5 min manatdan başladığı və verilişinin sponsor, reklam qiymətlərini şəxsən özü təyin etdiyi vurğulanıb. Sponsor paketində həkim və ya klinikanın reklamı çarx şəklində göstərilir və aparıcı tərəfindən səsləndirilir. Həkimin birbaşa həmin verilişə qatılması, tanıdılması və aparıcı tərəfindən şəxsən təqdimatı ayrıca hesablanır. İddialara görə, həkim canlı verilişdə oturmaq və çıxış, xüsusi təriflənmək üçün əlavə pul ödəyir.


Müəllif: Rəqsanə Həsənova