25 Yanvar 2023 13:32
971
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Üviyyə Əliyeva xərçəngdən dünyasını dəyişən Tünzalə Əliyeva (Toppuş bacı) haqqında danışıb.

Teleqraf.com xəbər verir ki, Ülviyyə Əliyeva İnstaqramda video paylaşaraq xalq artisti Afaq Bəşirqızının Tünzalə Əliyevanın qızı Zəhra üçün fond yaradılması təklifinə münasibət bildirib:

“Bəzi məsələlərə aydınlıq gətirmək istəyirəm. Sənətkarımız Afaq Bəşirqızı Tünzalə Əliyevanın qızına kömək üçün fond yaradılması təklifini irəli sürüb. Amma bu fondun xalqa, tamaşaçıya heç bir aidiyyəti yoxdur. Bu fondun incəsənət xadimləri və aktyorlar tərəfindən yaradılmasını istəyib. Yalnız sənət nümayəndələri bu fonda pul yatırsınlar, gələcəkdə Zəhraya dəstək olsun. Bu, təhsil haqqı da ola bilər. Tamaşaçılar onsuz da Tünzalənin sağlığında yetərincə dəstək olublar, istər ev məsələsində, istər də müalicəsində”.

Ülviyyə Əliyeva Tünzalə Əliyevanın sənətkar olmaması haqqında bildirilən fikirlərə də reaksiya göstərib: “Tünzalənin sənətkar olub-olmamasına gəlincə, o, peşəkar aktrisa idi. İncəsənət Universitetinin dram, kino fakültəsini bitirib. Gəncə Kukla, Gəncə Dram Teatrında, Bakıda İrəvən Teatrında uzun illər yetərincə rollar oynayıb. Onun yaratdığı obrazlar olub. Tünzalənin bir sənətkar kimi qiymətini cənab Prezident İlham Əliyev verib və ona "Əməkdar artist" fəxri adına layiq görüb. Xahiş edirəm ki, kimsə onun yaradıcılığını izləməyibsə, yalnız hansısa verilişdə görübsə, öləndən sonra Allahdan qorxun, ölünün arxasınca artıq-əskik danışmayın. O, tamaşaçının, xalqın sevimlisi idi, belə də qalacaq. Onu nə qədər sevən var, bunu dəfn və üç mərasimində gördük. Hər birinizdən xahiş edirəm ki, hörmətlə yanaşaq”.


Müəllif: Rəqsanə Həsənova