Əməkdar artist Rafael İsgəndərov Heydər Əliyev Sarayında keçirilməsi nəzərdə tutulan "Əkkiz mart" adlı konsertlərindən danışıb.
Rafael İsgəndərov Teleqraf.com-a açıqlamasında bu sözləri deyib:
"Konsertimiz martın 7-8-11 və 12-də baş tutacaq. Konsertdə kimləri parodiya edəcəyimizi öncədən açıqlaya bilmərəm. Keçən dəfəki konsertdə millət vəkili Aqil Abbası və Mirşahin Ağayevin parodiyası oldu. Konsertdən sonra Aqil Abbasla danışmışam. O, mənə dedi ki, jurnalistlər məndən parodiya haqqında soruşdular. Onlara cavab verdim ki, yaxşı ediblər, parodiya əla alınıb.
Hətta Aqil müəllim dostluq münasibəti üçün telefon nömrəmi də götürdü. Mişahin Ağayevlə Müşfiq Abbasov danışıb. Yəqin ki, xoşuna gəlib. Düşünrəm ki, xoşuna gəlməsə nəsə deyərdi".
Rafael İsgəndərov İnstaqram səhifəsində nəvəsi ilə paylaşdığı videonun saytlarda yayımlanmasına da münasibət bildirib: "Açığı deyim ki, İnstaqram səhifəmdən video götürülməsi xoşuma gəlmir. Kaş İnstaqramda elə bir funksiya olsun ki, videoları götürmək mümkün olmasın. Sosial şəbəkədən konsert haqqında videonu götürsünlər, şəxsi həyatla bağlı yox. Allah hamının balasını saxlasın".