Xalq artisti Nazpəri Dostəliyevanın bacısı Zeynəb Dostəliyevadan danışıb.
Nazpəri Dostəliyeva Teleqraf.com-a açıqlamasında deyib: "Xəstəxanada vəziyyəti stabil idi. Ona yaxşı baxırdılar. Həkimlərdən Allah razı olsun. Birdən-birə dərmanlar böyrəklərinə mənfi təsir etdi. Ötən gün səhər saat 8-9 radələrində reanimasiyadan zəng vurub dedilər ki, böyrəkləri fəaliyyətini dayandırıb. Həkimlərdən xahiş etdim ki, əlinizdən gələni edin. Həkimlər bir daha müdaxilə etdilər. Böyrəklərini təmizləmək üçün aparata qoşdular. Axşam saat 20:00 radələrində dünyasını dəyişdi".
Nazpəri Dostəliyevanın sözlərinə görə, mərhum bacısı sağalacağına inanırmış: "Sağalacağına hər ikimiz inanırdıq. Məni öpüb, qucaqladı, dedi ki, "bacı, mən sənin qədrini bilməmişəm. Niyə belə etmişəm?"
O, hər zaman qədrimi bilirdi. Sanki ölümünü hiss etmişdi. Deyirdim, nə danışırsan, oğlun Orxana ev alıb, onu evləndirəcəyik. Sevincindən ağladı. Qucaqlayıb öpdüm, dedim ki, ağlama. Məndə belə bir ümid vardı ki, sağalacaq. İnfeksiya tamamilə sovrulmuşdu, yaxşılığa doğru gedirdi".
Qeyd edək ki, Zeynəb Dostəliyeva ötən gün Mərkəzi Neftçilər xəstəxanasında dünyasını dəyişib.