14 Fevral 2023 16:27
1 996
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xanəndə Pərviz Qasımov MTV Azərbaycan kanalında yayımlanan “Səhərin səsi” verilişində xalq artisti Miri Yusiflə münasibətindən danışıb.

Teleqraf.com xəbər verir ki, Miri Yusifə dəstək olduğunu deyən xanəndə qonorar məsələsinə görə ifaçıyla problem yaşadığını etiraf edib: “2013-cü ildə birgə layihəmiz oldu, “Küçələrə su səpmişəm” mahnısını oxuduq. Adımı mahnıda qeyd etməmişdilər. 7 dəqiqəlik mahnıdır, 5-ci dəqiqədən mən oxuyuram. Konsertdə də canlı oxumuşam.

Sonra məni onun konsertində Orxan Hüseynli əvəz etdi. Çünki bəzi nüanslar yarandı, qonorar problemləri oldu.

Miri Yusifin konsertlərində uzun illər təmənna güdmədən iştirak etmişəm. Sonra gördüm, sənətə qiymət verilmir, düşündüm ki, insan öz dəyərini bilməlidir. Miri Yusif qardaşımızdı, dostumuzdu. İlk addımında mənimlə, sonra Nigar Camalla, Zülfiyyə Xanbabayeva ilə başladı. Onun ən böyük dəstəkçilərindən biri mən olmuşam.

Bəzən insan uman yerdən küsür. Onun “Mən kiməm, mən heç kiməm” mahnısında muğam parçasını da mən ifa etmişəm. Məhkəməyə də verə bilərəm ki, mahnını icazəm olmadan konsertdə heç kim oxuya bilməz. Çünki ilk ifaçısı mənəm. Aranjemanı da xalq artisti Siyavuş Kəriminin oğlu Emin Kərimiyə məxsusdur.

O mahnı sifarişlə yazılmışdı. O vaxt klip Ukraynada çəkilməli idi, sonra bəzi səbəblərə görə qaldı. Prodüser problemlərimiz oldu, qonorarla bağlı razılaşa bilmədik. Ondan sonra kənara çəkildim. Məndən sonra 4-5 ifaçı o mahnını oxudu.

Miri Yusifə çox böyük dəstəyim dəyib. Hadisə 12 il əvvəl olub. Bu haqda ilk dəfə danışıram. Miri Yusifin sonuncu konsertindən sonra tamaşaçılar mənə yazırlar ki, axı, bu mahnını siz səsləndirmisiz, niyə yerinizə başqası oxuyur? Nə deyim? Deyim ki, 150 manat qonorar verirdilər ona görə? Xanəndəyə 150 manat verirdilər. Gördüm ki, “sex müğənnisi” vəziyyətinə gətirib çıxardılar. Sonra dedim, mən yoxam.

Miri Yusifin qazancı çox idi. Onunla mən konsertlərdə, tədbirlərdə olmuşuq. Dəfələrlə Moskvaya konsertlərə getmişik. Amma Miri Yusifi bibim qızının toyuna çağırdım, gəlmədi, dedi, qiyməti budur. Sonra Bakı Dövlət Universitetindən məzun olanda rəhbərlik söylədi ki, Miri Yusifə desək, məzun gününə gələ bilər? Onda da ora qonorarla gələcəyini söylədi. Xalq artistimizdr, gözəl ifaçıdır, o məsələlərə toxunmuram. Hətta olub ki, Miri Yusifə görə Moskvaya pulsuz getmişəm. Bir qəpik də almamışam. İnsan əziyyətinin bəhrəsini görmək istəyir. Dost, qardaş deyən insan bunun davamını gətirməlidir".



Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər