Xəbər verdiyimiz kimi musiqiçi Hüseyn Hüseynovun sosial şəbəkə üzərindən bir qrup “Tik-tok” istifadəçiləri tərəfindən söyüş və təhqir səsləndirmələri barədə müraciəti əsasında Səbuhi Xanlarov, Rövşən Süleymanzadə və Ziliş Cəfərov polis orqanına dəvət olunublar.
Teleqraf.com xəbər verir ki, musiqiçi İnstaqram səhifəsində hüquq-mühafizə orqanlarına video müraciətində bu sözləri qeyd edib: “Bir çox insanlar sosial şəbəkələrdən istifadə edirlər, həmçinin mən.
Feysbuk, İnstaqram, “Tik-Tok” səhifəmiz var. Orada şəkillərimizi, sənətimizi, xoş günlərimizi paylaşırıq. Etikadan kənar hərəkət etmirik ki, bizə baxanlar analarımız, bacılarımız, qohumlarımız var. Təəssüf olsun ki, son zamanlar “TikTok” platformasında gənclərimiz bir-birini söyürlər, təhqir edirlər.
Mənim də “Tik-Tok” səhifəm var. Səhifəni açanda elə bərkdən söyüş çıxır ki, adam utanır. Bu bizim gələcəyimizə, gənclərimizə, yeni gələn gənclərimizə çox pis təsir edir. Üzümü aiddiyyəti qurumlara tuturam ki, bu barədə ölçü götürəsiniz. Bir Azərbaycan vətəndaşı və tanınmış musiqiçi kimi sizdən dönə-dönə xahiş edirəm ki, bunun qarşısını alasınız. Çünki gələcəyimizə, cavanlara, yeni nəslə çox pis örnəkdir. Müəyyən tədbirlər görməyinizi sizdən xahiş edirəm.
Yəqin ki, çıxışımı düzgün qarşılayarsınız. O gənclərdən də xahiş edirəm ki, buna son qoyun. Ayıbdır. Bu bizim Azərbaycan xalqına, gənclərinə yaraşmayan bir addımdır”.