Müğənni Elçin Cəfərov MTV Azərbaycan kanalında yayımlanan "Düzünə qalsa" verilişində qonaq olub.
Teleqraf.com xəbər verir ki, Elçin Cəfərov şəxsi həyatından danışıb:
“Ailə qurandan sonra çiyinlərimə məsuliyyət düşdü. Hər şeyi səliqəli düzən adamam. Əslində, çox çətin oldu. Diqqətli olmağa başladım, xüsusilə oğlum Can anadan olandan sonra. Ailəni sənətlə bərabər idarə etmək asan iş deyil. Üstəlik, pop ifaçısı olanda. Muğam oxuyana daha rahat olar. Sən qavalla oturub, sanballı şəkildə muğam oxuyursan. Pop ifaçısı saçını, geyimini belə edər, belə qarşılanar-filan...
Məmur ailəsi ilə qohum oldum. Qulağım o qədər cingildədi, o qədər qeybət eşitdim ki... Onlara cavab vermirəm, məqamını gözləyirəm".
Elçin Cəfərov bayağı mahnılardan da danışıb: "Əslində, bayağı bir şey yoxdur, mən onu qəbul edə bilmirəm. Musiqi notlardan ibarətdi, yazılış şəkli var, o necə pis ola bilər? Bayağı ifaçı, aranjimançı, məsuliyyətsiz işçilər ola bilər, musiqi yox. Bir sözlə, işin keyfiyyətindən qaçan insanlara bayağı demək olar. Bütün bunlar bir il əvvələ kimi məni küsdürdü, sonra başa düşdüm ki, bu bizim işimiz deyil. Kimsə hansısa işi görüb, ondan çörək qazanırsa, qoy olsun bu onun ruzisidir.
Bəlkə də tamaşaçıdan deyil, elə özümdən küsmüşdüm. Bizim nəsil sənətçilər ara verdik, geri çəkildik. Biz qalıb davam etsəydik, belə olmazdı".
İfaçı konsert proqramı ilə çıxış edəcəyini deyib: "Konsert verməyi düşünürəm, hər şey qaydasındadır. Mahnılar da var. Konsert gününü təyin edib, reallaşdırmaq lazımdır. Konsert verməyi həmişə istəmişəm. Bir də gec olsun, güc olsun. Bir məsələ də var. Mən sponsordan konserti gözləyib ona görə ifa etmək istəmirəm. Bütün mailiyyə tərəflərini öz üzərimə alacam!”
İfaçı deyib ki, çoxlu sayda sevgi etirafı alıb: "Ola bilər, mən də bilmədən kiminsə xətrinə dəymişəm. Xəbərim olanlar da, olmayanlar da olub. Məktəbi bitirəndə nə qədər qız gəlib dedi ki, səni sevirdim. Deməyiblər mənə, hardan bilim? Qəlbi qırılıbsa, özü bilər!”
Elçin Cəfərov 25 aprel 2016-cı ildə Aydan adlı xanımla ailə həyatı qurub. Aydan xanım millət vəkili Sabir Rüstəmxanlının qızıdır.