Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev evindən son mənzilə yola salınıb.
Teleqraf.com xəbər verir ki, mərhum "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Oqtay Əliyev ötən gün yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.
***
Bu gün Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev ilə yaşadığı mənzildə vida mərasimi keçirilir.
Teleqraf.com xəbər verir ki, vida mərasimində mərhumun ailə üzvləri, həmkarları, sənət dostları və yaxınları iştirak edirlər. Mərasimində Xəzər televiziyasının rəhbəri Murad Dadaşov, Real TV-nin rəhbəri Mirşahin Ağayev, Xalq aristi Zülfiyyə Xanbabayeva, Əməkdar artistlər Tahir İmanov, Elza Seyidcahan, Cavanşir Məmmədov, aktyor Elşən Orucov, rejissor Kənan M.M, şairə Nazilə Səfərli və bir çox sənətçilər iştirak edirlər.
Müğənni Aysel Əlizadə Oqtay Əliyevin ölümünə kədərləndiyini deyib: "Çox sarsılmışıq. Allah rəhmət eləsin. Oqtay müəllim çox gözəl insan idi. Gözlənilməyən haldır. Dünəndən həmkarlarımızla danışırıq və şokdayıq ki, bu hadisə necə olub. Allahdan Dilarə xanıma səbr diləyirəm, çox ağır dərddir. Oqtay müəllim doğrudan da gözəl insan idi".
Müğənni Manaf Ağayev də vida mərasiminə qatılanlar sırasındadır.
Müğənni bildirib ki, Oqtay Əliyevin incəsənət aləmində xüsusi yeri olub. O çox insanları üzə çıxarıb, mədəniyət sahəsinə gətirib. İnsan kimi də gözəl insan idi. Ölümünə inana bilmirdim, hadisəni eşidən kimi axşam evinə gəldim".
Manaf Ağayev həmçinin əlavə edib ki, Oqtay səhhətindən şikayətlənmirdi: "Burada eşitdim ki, ürəyində tromb olub. Onu sonuncu dəfə Tünzalə Əliyevanın dəfn mərasimində gördüm. Xeyli dərdləşdik, söhbət etdik. Yadımda yaxşı insan kimi qalıb. Amma heyif, bizi tez tərk etdi".
Qeyd edək ki, Oqtay Vidadi oğlu Əliyev 19 iyun 1968-ci ildə İrəvan şəhərində Xalq artistləri Vidadi Əliyev və Elmira İsmayılovanın ailəsində anadan olub. 1985-ci ildə İrəvan şəhəri M.F.Axundov adına orta məktəbi bitirib. 1987-1992-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Kino və dram rejissoru fakültəsində təhsil alıb.
1983-1985-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında rejissor köməkçisi işləyib. 1989-1994-cü illərdə Bakı Şəhər Mədəniyyət İdarəsində rejissor vəzifəsində çalışıb. 1993-cü ildə Azərbaycan Televiziyasında "Virtuoz" adlı layihənin prodüseri kimi fəaliyyət göstərib.
1990-cı ildə "Ər və arvad" (M.Bayciyev), "Molla Nəsirəddin və Əzrayıl", "Gəlin, açıq danışaq, lap açıq", "Əkizlərin nağılı" (P.Pançiyev) pyeslərinin quruluşçu rejissoru və yaxud ssenari müəllifi olub. O, 1995-ci ildə A.Çexovun "Məmurun ölümü" əsəri əsasında çəkilmiş "Kiçik leytenant" filminin baş prodüseri olub.
Oqtay Əliyev 1998-ci ildə "SOY" prodakşn şirkətini təsis edib, qurumun prezidenti olub. Bir sıra festivalların qalibi olan rejissor “Əməkdar mədəniyyət işçisi” fəxri adına (2020), “Humay” milli mükafatına və s. təltiflərə layiq görülüb.
Oqtay Əliyev ötən gün axşam saatlarında yol qəzasında dünyasını dəyişib.