Ölkəmizi "Avroviziya 2023" Beynəlxalq Mahnı Müsabiqəsində təmsil edən Tural və Turan Bağmanovların ötən gün müsabiqənin açılış mərasimindəki geyim tərzi tənqid edilib.
Tural və Turan Bağmanovların görünüşü üzərində çalışan Niko Lab Teleqraf.com-a açıqlamasında bu sözləri deyib:
“Bağmanovların tərzinin Azərbaycanda tənqid hədəfinə çevrilməsi ilə yarış Azərbaycan daxilində keçirilsəydi, razılaşardım və bütün rəylərə cavab verərdim. Amma müsabiqə Azərbaycandan kənardadır.
Moda deyilən bir anlayış var. Bunu nəzərə almaq lazımdır. İngiltərənin məşhur "Beatles" qrupunun üzvləri Liverpolda doğulub və “Avroviziya 2023” Beynəlxalq Mahnı Müsabiqəsi də həmin şəhərdə keçirilir. "Beatles" qrupunu “Musiqinin Allahı” adlandırıblar. Bu il Liverpolda baş tutan tədbirlər, mərasimlər onun şərəfinə keçirilir. Bizim də məqsədimiz onların yad etməkdir.
Qrup üzvlərinin sevdikləri marka “Marla da Yves sent Lauren" olub, biz də həmin markanın sevilən parçasını bu günlə sintez edib, ən gözəl tərz ortaya çıxarmışıq. Avropada iştirakçılarımızın tərzi çox bəyənilib. Mənə “New York Times”dan zəng etdilər, açıqlama verdim. Halbuki Amerikanın “Avroviziya” yarışması ilə əlaqəsi yoxdur.
"Beatles" qrupu dünyada o qədər məşhurdur ki, iştirakçılarımızda həmin tərzi görüb, zəng ediblər. Tural və Turan Amerika ilə yanaşı Avropa ölkələrinin də diqqətini çəkib”.
Niko Lab onu da vurğulayıb ki, Azərbaycan “Avroviziya”da çox gözəl təmsil olunur: “Təmsilçilərimiz sabah səhnəyə çıxacaqlar, onları alqışlamaq lazımdır. Bu il ilk dəfədir ki, Azərbaycan heç bir komanda ilə işləmir. Hamısı özümüzünküdür - mahnı, stilist. Bunları dəstəkləməkdənsə, tənqidi fikirlər yazmaq, Tural və Turan Bağmanovların əhvalını aşağı salmaq doğru deyil.
Onlar, doğrudan da, çox istedadlı uşaqlardırlar. Bəzi tənqidi fikirlərə görə onlar yarışma öncəsi istər-istəməz pis olacaqlar. Bəzi insanlar deyirlər ki, gözlədiyimiz performans deyil. Amerika kimi ölkənin diqqətini necə çəkmişiksə, onlar Azərbaycan təmsilçisindən yazacaqlar. Bunu dəstəkləmək əvəzinə başqa sözlər deyirik. Nə deyə bilərəm ki…
Biz komanda şəklində çalışırıq. Yəni heç nə bir nəfərin qərarı ilə qəbul olunmur. Bu bir komandanın işidir və böyük heyətlə “Avroviziya” Beynəlxalq Mahnı Müsabiqəsində iştirak edirik. Bizə lazmdır ki, çıxışımız haqqında dünya və Avropa ölkələri danışsın. İstədiyimiz nəticəni əldə etmişik, buna sevinmək lazımdır”.
Qeyd edək ki,Turan və Tural Bağmanovların geyim tərzi üzərində dizayner Aysel Sadıqova çalışıb. Görünüşü üzərində isə Niko Lab və Fuad Hacıyev işləyib.