Akademik Milli Dram Teatrının direktor əvəzi İlham Əsgərov evsiz qalan aktyor Elçin Əfəndiyə teatrın dəstək olacağını açıqlayıb.
İlham Əsgərov Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: "Mən Elçin Əfəndi ilə görüşdüm. O, bir az hissə qapılıb, danışıb. Bizə xəbər etmədən, problemi ilə biz tanış olmamış mətbuata açıqlama verib. Onu başa düşürük. İnşallah, yaxın günlərdə ailəsini yanına gətirəcək və bir yerdə yaşayacaqlar. Hər şəraiti düzələcək və sənəti ilə məşğul olacaq. Elçin Əfəndi ailəsi ilə mələhətləşib, kirayə ev tutacaqlar".
"Kirayə haqqı teatr tərəfindən ödəniləcəkmi" sualına direktor əvəzi belə cavab verib: "Bəli, kirayə haqqını teatr ödəyəcək, Elçin Əfəndinin öz zəhməti ilə... Teatrda bir az artıq işləyəcək. Daha məsuliyyətli olacaq. İstedadlı, lazımlı aktyordur.
Teatrda dəyişiklik olub. Teatrımızın direktoru Azər Paşa müəllim rəhmətə gedib. Elçin Əfəndinin özü dedi ki, mənimlə danışmağa utanıb. Şükür Allaha, aktyorumuzun problemini aradan qaldırmaq imkanımız, gücümüz var. Çalışacağıq ki, bundan sonra daha yaxşı olsun".
Qeyd edək ki, Elçin Əfəndi dörd aydır evsiz qaldığını və ailəsinin rayonda yaşadığını deyib. O, gecələr küçələrdə yatdığını vurğulayıb.