18 May 2023 18:36
1 297
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Audiovizual Şuranın videoformatda keçirilən iclasında "Space" TV cəzalandırılıb.

Teleqraf.com xəbər verir ki, buna səbəb sözügedən kanalda “Gəl, danış” verilişində Anar adlı şəxsin telefonla studiyaya bağlanaraq əməkdar artist Cavanşir Məmmədovla dialoqu zamanı qeyri-etik sözdən istifadə etməsi olub.

Məsələ ilə bağlı Cavanşir Məmmədov ilə əlaqə saxladıq. Əməkdar artist saytımıza açıqlamasında bu sözləri dedi:

"Məsələ mənimlə əlaqəli deyil. Mən həmin şəxsə sual verdim. Məgər sabah taksi sürücüsü bir hadisə törətdi, vəkil tutmalı deyil? Sürücü pul qazanmır? Vəkil tut və o, işini həll etsin. İkincisi də deyir ki, mən nazir deyiləm, o qədər pulum olsun. Sən hardan bilirsən ki, nazirlərin o qədər pulu var? Sən nazir deyilsən və niyə onların adından danışırsan. İşləyirsən, pul qazanırsan, boşanma hadisəsidir, vəkil tut və həll et.

Biz verilişdə oturub məsləhət veririk. İstəmirik ki, ailələr dağılsın. Hərə öz fikrini söyləyir. Verilişdə hüquqşünas və məndən başqa nə qədər adamlar var. Verilişin redaktoru, aparıcısı da həmçinin. Onlar hadisəni araşdırır və bizi də dəvət edirlər.

Mənim orada danışığım olmayıb. Hamımızın şəxslərə sual vermək haqqımız var. Mən verilişdə sakit oturmalıyam? Televiziyada beş dəqiqəlik yayım tezliyi var, bilmirəm söyüş efirə gedib, yoxsa yox. Amma mən söyüş eşitməmişəm".

Qeyd edək ki, Şuranın məlumatına görə, həmin kadrlar 12 may tarixində saat 13:01-də yayımlanıb. Audiovizual Şuranın qəbul etdiyi müvafiq qərarlara əsasən, “Media FM” radio redaksiyasının proqramlarının yayımı 21 may 23:00-24:00 arası 1 saatlıq, “Space TV” televiziya redaksiyasının proqramlarının yayımı 21 may 08:00-11:00 arası 3 saatlıq dayandırılacaq.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər