Kann Film Festivalında Nuri Bilge Ceylanın “Kuru otlar üstüne” ("Quru otlar barədə") filmindəki obrazına görə “Ən yaxşı aktrisa” adına layiq görülən Merve Dizdarın çıxışı zamanı bildirdiyi fikirlər Türkiyədə birmənalı qarşılanmayıb.
Teleqraf.com xəbər verir ki, aktrisa İngiltərənin "Reuters" agentliyinə açıqlamasında məsələyə aydınlıq gətirib:
"Doğulduğum ölkə, buradakı qadınlar - hamımızın bir mübarizəsi var. Bu vəziyyət burada və dünyanın hər yerində mövcuddur. Qadın olmağın nə qədər çətin olduğunu bilirik. Mən də bu haqda danışdım".
Qeyd edək ki, aktrisa Kann Film Festivalında çıxışı zamanı belə deyib: "Özünə layiq görülənlərə boyun əyməyən, bunun üçün mübarizə aparan və ümidini itirməyən bütün qadınlar və Türkiyədə gözəl günləri yaşamağı gözləyən, mübarizə aparan ruhlara ərmağan edirəm".