13 İyun 2023 13:01
1 788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktyor Elcan Rəsulov Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbinin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevanın şagirdlərinə qızıl aldırması haqqında yayılan xəbərlərə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Elcan Rəsulov sosial şəbəkədə bu sözləri yazıb:

"Çox təəssüf edirəm, bəzən cəmiyyət bilib-bilmədən kimisə və ya nəyisə qınayır. Çox önyarqılı olmuşuq. Qulağına sırğa taxılan müəllimənin videosunu gördüm. Bəlkə də bu yaşınadək müəllimənin qulağına taxılan ilk qızıl sırğadır. Bəlkə də, elə dörd il ərzində valideynlər heç vaxt qulağında sırğa, barmağında üzük olmayan müəllimənin bu vəziyyətini görüb, öz aralarında danışıblar ki, bir buket gül qiymətinə qızıl sırğa alıb, qulağına taxsaq dünyanı vermiş olarıq.

Bu qənaətə hardan gəlirəm deyəcəm sizə. Əslində, mən belə sirri açmağı sevmirəm, bəlkə də bu yazını görəndən sonra o özü də pis olacaq ki, kaş Elcan bunu yazmazdın. Amma deyim.

Bayaq dostların söhbətində qulaq şahidi oldum ki, həmin müəllimə incəsənət sferasına yaxından tanış olan Faiq Ağamalıyevin anasıdır. Yaxın dostluq münasibətim olmasa da, Faiqi 20 ilə yaxındır tanıyıram. Qış aylarında, yəni serial mövsümündə seriallarda ssenarist işləyir, yay da gələn kimi başını götürüb, bölgələrdəki istirahət mərkəzlərinə animator işləməyə, ailəsini dolandırmağa gedir. O qədər abırlı və tərbiyəli uşaqdır ki, ailə tərbiyəsinin ən bariz nümunələrini özündə cəmləşdirib desəm az olar.

Bəlkə də o evdə heç vaxt rüşvət sözünü eşitməyib. Bir də abırlı adam baxan kimi bilinir axı. Rüşvət girən ev də, o evdən çıxan uşaq da uzaqdan tanınır, belə şeyləri gizlətmək olmaz. Ən azından anası övladının altına rüşvət pulu ilə sınıq-salxaq bir maşın alardı. Xırdalana gedən bütün avtobuslar Faiqi yaxşı tanıyır. Həqiqətən çox pis oldum. Kaş mən bu söhbətə qulaq şahidi olmazdım. Bu balaca sirləri də burada açmazdım.

Bir anlıq da təsəvvür elədim, o cür abır-həya sahiblərinin belə şərə düşməsini. İnsanın ürəyi dayanar, hamıdan xəbərsiz. Bilmədən günahkar olarıq".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər