12 May 2014 19:08
3 667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Sevda Sanalıyeva Teleqraf.com-un suallarını cavablandırıb.

- Yaradıcılığınızdakı bir neçə illik fasilə nə ilə bağlı idi?
- Doğrudur, 3 il yaradıcılığıma ara vermişdim. Amma artıq yendən işə başlamışam. Onu da deyim ki, üç il ərzində fəaliyyətdə idim. Sadəcə, efir və radiolara çıxmırdım. Toylara və şou-proqramlara çıxmaqla kifayətlənirdim. Çünki mənim qazancım oradan çıxır. Yeri gəlmişkən, mayın 17-də yeni klipimin çəkilişi olacaq. Bundan başqa, yeni mahnılar yazdırıram.

- Deyəsən, rəqqasəliyin “daşını atmışınız”. Niyə?
- Bəli. Artıq rəqqasəliyə son qoymuşam. Bundan sonra ancaq müğənni kimi fəaliyyət göstərəcəyəm.

- Dediniz ki, yeni yaradıcılıq işlərinə başlamısınız, yeni mahnılar üzərində işləyirsiniz. Bəs duet necə, gözlənilir?
- Əslində, duet oxumaq istəyirəm. Amma 3 illik fasiləyə görə çalışıram ki, hələlik solo oxuyum. Sonra deməsinlər ki, bir neçə illik fasilədən sonra solo ifa etməyi bacarmadı. Kiminləsə duet oxumaqla ortaya çıxdı. Bu dəqiqə əlimdə uğurlu mahnılarım var. Bir müddət keçsin, belə demək mümkünsə, sənətdə yenidən özümü sübut edim, tamaşaçıların qarşısına Sevda Sanalıyeva kimi çıxım. Daha sonra duet oxuyacağam.

- Bəs, dəyişiklik yalnız yaradıcılığınızda olacaq? Yoxsa xarici görkəminizə də “əl gəzdirəcəksiniz?”
- Əslində imicimdə çox dəyişiklik edirəm. Amma bu, uzun çəkmir. Səhər saçlarımı sarı rəngə boyayıram. Axşam isə yenidən əsmər oluram. Nədənsə, saçlarımın rəngini heç cür dəyişə bilmirəm. Məsələn, Türkan Şoray və Sofi Lorenin saçlarını eyni rəngdə görmüşük. Həmçinin Merilin Monronun da saçları da həmişə sarı rəngdə olub. Demək ki, onlara başqa rənglər yaraşmayıb. Mən də elə insanam. Özümə başqa rəng yaraşdıra bilmirəm. Əgər saçlarımı başqa rəngə boyasam və bunu özümə yaraşdırmasam, insanlar da bəyənməyəcək. Onu bildiyim üçün saç tərzimdə stabilliyə əməl edirəm. Amma geyim tərzimdə dəyişiklik etməyə çalışıram. Yenilik edirəm. İmicimə gəlincə, nə dəbdədirsə, onu geyinməyə çalışıram. Bu hər zaman belə olacaq.

- Yaradıcılıqdan danışdınız. Bəs nə zaman ailə qurmağı düşünürsünüz?
- Hər bir cavan qadının həyatında mütləqdir ki, sevdiyi kişi olsun. Mənim də həyatımda sevdiyim şəxs var. Çünki həyat sevgi üzərində qurulub. Amma hələ ki, ailə qurmaq haqqında dəqiq heç nə deyə bilmərəm.

- Tamaşaçıları daha nə ilə təccübləndirəcəksiniz?
- Çətin sual verdiniz. Onları təəccübləndirmək fikrim yoxdur. Amma yeni mahnılarımı insanlara sevdirmək fikrim var. Qoy təccüblənməsinlər, mənim yenni mahnılarımı dinləsinlər.

- Sosial şəbəkələrdən nə məqsədlə istifadə edirsiniz?
- “Facebook” və “İnstagam”da aktivəm. “Facebook”da şəxsi profilimdən başqa, fan-səhifəm də var. Sosial şəbəkələrdən boş vaxtımı keçirmək üçün, həmçinin yaradıcılığıma və özümə insanların münasibətini bilmək üçün istifadə edirəm. Məsələn, şəbəkəyə mahnı və ya şəklimi qoyuram. İnsanlar şərh yazıb, münasibət bildirirlər. Bu isə mənim üçün çox vacibdir. Haqqımda söylənilən müsbət fikirlərlə yanaşı, mənfi fikirləri də xoşlayıram. Təbii ki, deyilənlərdən də nəticə çıxarmağa çalışıram.

- Bir müddət öncə “Facebook”da kimlərinsə sizi narahat etdiyini yazdınız. Ad çəkmədən sizi narahat edənlərin olduğunu bildirdiniz. Həmin şəxslər kimlər idi? Sizə niyə problem yaradırdılar?
- Artıq istər sənət, istərsə də şəxsi həyatımda hər şey çox yaxşıdır. Ona görə də həmin söhbətlərə qayıtmaq istəmirəm. Ancaq sənətimlə, yaradıcılığımla gündəmə gəlmək istəyirəm. İstəyirəm ki, insanlar haqqımda ancaq yaradıcılıq xəbərləri eşitsinlər. Nəinki qalmaqal və ya şəxsi həyatımla bağlı söz-söhbətlət eşidib, görsünlər. İnsanları xoşagəlməz söhbətlərlə məşğul etmək istəmirəm. Sadəcə, o vaxtlar mən məcbur idim ki, bunu sosial şəbəkədə açıqlayım. O vaxtlar üstümə çox gəlirdilər. Elə bir vəziyyətdə idim ki, günahım olmadığı halda məni nədəsə günahkar çıxarmaq istəyirdilər. Mən də sübut eləmək istədim ki, dünya dərəbəylik deyil. Biz Azərbaycanda yaşayırıq. “Facebook”da yazdıqlarımdan sonra mənə pislik etmək istəyənlər geri çəkildilər. Halbuki, heç bir günahım yox idi.

Aytən Həsənova


Müəllif: Teleqraf.com