Xəzər televiziyasının aparıcısı Nigar Mahmudova onkoloji xəstəlikdən dünyasını dəyişən həmkarı Natəvan Babayeva haqda paylaşımı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, aparıcı sosial media hesabında bu sözləri qeyd edib:
"Saatlarının qaldığını bilsəm də, möcüzə üçün dua edirdim, inanırdım. 5 dəqiqə sonra xəbər verdilər ki, Natəvan getdi. Biz otağa girəndə artıq üzünü örtmüşdülər. Bir neçə dəqiqə çatmadım. Bibiləri, əri, qayınanası əhatəsində idi. Sonra “bacım”, “mükafatım” dediyi, bütün bu dövrdə hər cür yanında olan Əfsanə Mehdiyeva gəldi. “Efirdəydim, niyə məni gözləmədin deyib” fəryad elədi. Üzünü açıb öpdü. Sonra Natəvanın oğlunu gətirdilər. O, doqquzuncu sinifdə oxuyur. Ona Natəvan "Dodi” deyirdi. Sözünün başı-ayağı “Dodi” idi. Balasından narahat getdi.
Can ay, Natəvan! Özü də inanmırdı gedəcəyinə. Keçən dəfə pis olanda yanına getmişdim. Deyirdi “mənə aeroportda dimedrol vurdular, ona görə pis oldum”.
Mən də dedim səni çox yaxşı gördüm. Həqiqətən də üzündə, baxışlarında halsızlıq, xəstəlik əlaməti yox idi. Öləcəyini bildiyim andan isə beynimdə fırlanan əsas fikir budur:
“Natavan çox yaxşı insandır”. “Ölən adam haqqında həmişə yaxşı danışırlar”, - deyə bilər tanımayanlar. Amma yox. Buna görə demirəm. Natəvan həqiqətən fitnə-fəsaddan uzaq idi, qeybət elədiyini heç eşitmədim. Çox yaxşı, vicdanlı insan idi. Peşəkar jurnalist idi. Bir də görürdün ki, efirdə suflyordaki mətni belə redaktə edərək, dəyişərək oxuyurdu. Onun belə tez gedəcəyi heç birimizin ağlına gəlməzdi. Özü də ölümündən qabaq “Vay, cavan canım” deyirmiş.
Bir də tez-tez saatı soruşurmuş. Son dəfə saat 6-dır deyiblər. “Çox şükür” deyib. 7-yə çatmadı, “getdi” Ard-arda itirdiyi ana-atasının yanına. Yerin cənnət olsun, Natış, gözəl insan, deyib onu son mənzilinə yola saldıq. Ona sonuncu dəfə baxdıq. Və beləcə Natəvanla vidalaşdıq, bu fani dünyada”.
Qeyd edək ki, Natəvan Babayevanın 46 yaşı var idi. O, bu gün səhər saatlarında Salyan rayonunun Parça Xalac kəndində dəfn olunub.