Xalq artisti Röya Ayxan Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edib.
Teleqraf.com xəbər verir ki, Röya Ayxan konsert proqramından öncə media nümayəndələrinin suallarını cavanlandırıb: "Bakı Konqres Mərkəzdə ən son keçirdiyimiz konserti yanvarın 29-30-da bitirmişdik. Amma o bizim "borc" konsertimiz idi. Mən o konsertimə elə ad vermişəm. Çünki üç il durmadan o konsertin məşqlərini etmişdik. Hamı biletlər almışdı. Və o konserti vermək məcburiyyətində idik. Bəlkə də ən gözəl konsert o oldu. Bu günkü konsertimiz isə robotların müşayiəti ilə olacaq. Yəni bu konsertdə önəmi daha çox texnikaya vermişik. Bir sözlə, bu konsertdə hər şey bir robotdan asılıdır. Əgər robotun gözlənilmədən beyni xarab olsa, o məni göydə ata da bilər, tuta da.
Hətta bir ömür boyu səni göydə saxlaya və ya yerə çırpa da bilər. Bəlkə də indi mənə kimsə deyə bilər ki, sadəcə səhnəyə çıx, oxu. Amma kiməsə oxumağımı sübut etməyə ehtiyacım yoxdur. Çünki məni yuxudan qaldırsalar da və səsim işləməsə də heç zaman notdan o tərəfə çıxıb, oxumaram. Hətta mən studiyadan daha yaxşı canlıda oxuya bilirəm. Bugünkü konsertdə çox stress keçirdim. Amma şükürlər olsun ki, hər şeyi öz yoluna qoya bildik. Mən şou üçün çox darıxmışdım. Mən 2005-ci ildən böyük səhnəyə şou ilə gəlmişəm. Mən eksperimentlər aparmağı sevirəm. Əminəm ki, bugunkü konsertimizdə xoşunuza gələcək. Çünki bu konsertə böyük həvəslə hazırlaşmışam. Biz sizə böyük vədlər vermirik. Çünki vədlər verməyə qorxuram. Amma sizi həyacanlandıracaq məqamlar olacaq və buna əminəm. Bugünkü imicimdə, saç düzümümdə bir sözlə, hər şey konsertimizə görədir".
Xalq artisti oğlu Hüseynin də konsertində iştirak etdiyini açıqlayıb: "Oğlum Hüseyn mənimlədir. Çünki, onun yaxın günlərdə dərsi başlayır və bundan sonra o, yanımda olmayacaq. Ona görə Hüseyn sinəsində "bagic"lə köməkçi rolunda arxada olacaq. O, konserti görməyəcək. Çünki onun üçün bilet və yer yoxdur (gülür). Doğrudan yoxdur".
Röya Ayxan formada qalmasından da danışıb: "Yeyib-içməklə aram yoxdur. Yatağan birisiyəm. Məsələn, bu gün gecə saat dörddə yatmışam, səhər saat doqquzda gözümü açmışam. Qidaya gəldikdə isə bir gün təndir çörəyi yeyərəm... Bir gündə 800 kq kaloridən artıq heç nə qəbul etmirəm. İnsan 800 kq kalori ilə özünü daha gümrah hiss edir".
Qeyd edək ki, Röya Ayxan Bakı Konqres Mərkəzində sentyabrın 1-2-3-də konsert proqramı ilə çıxış edəcək.