13 May 2014 12:34
1 946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il "Unuduldum" mahnısı ilə peşəkar səhnəyə ilk addımını atan gənc müğənni Müşviq Mahmudov arada yaranmış susqunluğa son qoyacaq. Artıq müğənnilik sənətində qəti olaraq davamlı fəaliyyət göstərməyi qarşısına məqsəd qoyan müğənni geri çəkilməməyi düşünür. Bu məqsədlə də o, sabah sənətçi dostlarını və jurnalistləri bir araya toplayıb təmtəraqlı şəkildə geri dönüşünü qeyd edəcək.

Teleqraf.com xəbər verir ki, jurnalist Azər Nəsibovun müəllifi olduğu "Mənə nə" adlı mahnını repertuarına daxil edən müğənni ona klip çəkdirib. Sabahkı tədbirdə Müşviq yeni klipini də qonaqlara təqdim edəcək. Klipi rejissor Rəhman Əliyev ekranlaşdırıb. Operator işi Deleeyə, montajı Səidə aiddir. Yayın hitlərindən olacaq "Mənə nə"nin klipində müğənninin tərəf müqabili İTV-nin aparıcısı, model Brilliant Bəhmənovadır.

Sabah keçiriləcək təqdimat mərasimində Müşviqi təbrikə gələcək müğənnilər sırasında xalq artisti Nisə xanım Qasımova, əməkdar artist, bəstəkar Gövhər Həsənzadə, tanınmış müğənnilər Ümman, Ayan, Elmira Ələkbərzadə, Xatun, Lətifə Soyuöz, Səidə Sultan, Nadir Qafarzadə, Emil Bədəlov, Tunar, Arif Səlimov və başqaları iştirak edəcəklər. Tədbirin aparıcısı populyar teleaparıcı Zaur Nəbioğlu olacaq.

Qeyd edək ki, Müşviq Mahmudov xalq artisti Samir Cəfərovun tələbəsidir. Müğənninin müəllimi səfərdə olduğundan təqdimatda iştirak edə bilməyəcək.


Müəllif: