“Sosial şəbəkələrdə başlığı oxuyub, anonsa baxıb, fikir bildirənlər də başqa mövzudur. Sizin üçün cəhənnəmdə xüsusi yer hazırlanıb, xəbəriniz olsun. Yuyulmamış çömçəsiniz! Söhbətin nədən getdiyini bilmirsiniz. Başlığa baxıb ağızlarına gələni yazırlar. Sizin əlinizdən polisə şikayət etməkdən bezmişəm. Polisi də bezdirmişəm”.
Teleqraf.com xəbər verir ki, bu sözləri müğənni Nura Suri “Qapqara” verilişində “Bir insan eyni anda iki adamı sevə bilər” fikrinin tənqid edilməsinə cavab verərkən bildirib:
“Bəli, insan eyni anda iki adamı sevə bilər. Birini platonik, birini isə ehtiraslı. İnsan həyat yoldaşını da sevə bilər, Bred Pittin hansısa rolda oynadığı obrazını da. Bu, artıq platonik sevgidir. İnsanlar ulduzları sevmirlər? Siz niyə sevgi sözünü başqa istiqamətə yozursunuz?!
O ki qaldı kişilərə, hər üç-beş nəfərdən birinin arvadı da var, sevgilisi də. Hamı da bunu bilir. Bütün günü sosial verilişlərə baxıram. Millətin çıxmadığı hoqqa yoxdur. Biri uşağını atıb kiməsə qoşulub gedib. Danışanda ancaq müğənniləri müzakirə edirsiniz. Müğənnilərdə bir səhv axtarırsınız ki, onu müzakirə edəsiniz. Guya hamınız ağıllı, namuslusunuz. Həyatınız boyu bir nəfəri sevmisiniz. Həyat yoldaşınızdan başqa heç kim heç kimlə görüşməyib, sevməyib. Bəsdirin! Min hoqqadan çıxırsınız”.
Ötən gün ARB televiziyasında yayımlanan “Günə Son” verilişini tərk edən ifaçı aparıcıları da tənqid edib: “Səhnəyə 2004-cü ildə gəlmişəm, 2016-cı ildən isə veriliş aparıcısıyam. Gündəlik canlı verilişlər aparmışam. İndi də aparıcılıq edirəm. Sözümü ona gətirirəm ki, hələ bir dəfə də reklamı kağızdan oxumamışam. Bütün reklamları əzbərdən oxuyuram. Heç vaxt qulağıma redaktor söz deməyib.
Mən verilişdə olanda aparıcılar qulaqcığı çıxarsınlar, onlara iki kəlimə sual verim. Suallıma cavab versələr, bir daha səhnəyə çıxmaram və aparıcılıq da etmərəm”.